Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən müharibəsi şəhidinin əziz xatirəsi doğum günündə anıldı.

22 noyabr 2021 | 16:00

44 günlük Vətən müharibəsinin şəhidi Məmmədzadə Elvin İlham oğlunun doğum günü ilə bağlı Samux şəhərində yerləşən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə tikilmiş bulaq kompleksinin qarşısında tədbir təşkil olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, şəhidin valideynləri, yaxınları  və rayon ictimaiyyəti iştirak etdi. Vətən müharibəsi və şəhidlər haqqında şeirlər deyildi, şəhidin döyüş yolu haqqında danışıldı. Daha sonra şəhidin məzarı ziyarət olundu.  Samux şəhər 2 saylı tam orta məktəbində Vətən müharibəsi şəhidi Məmmədzadə Elvin İlham oğlunun adının, xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış sinif otağına baxış keçirildi.
44 günlük Vətən müharibəsinin şəhidi Məmmədzadə Elvin İlham oğlu 22 noyabr 1996-cı il tarixdə Samux şəhərində anadan olmuşdur. Samux şəhər 1 saylı məktəb-liseyin məzunudur. İlk öncə Cəmşid Naxçıvanski adına hərbi-liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Hərbi təhsil aldığı müddətdə baş çavuş və Bayraqdar vəzifələrini uğurla icra edib. Nümunəvi xidmətinə görə müharibədən əvvəl "Azərbaycan Ordusunun 100 illiyi 1918-2018" yubiley medalı ilə təltif edilib. 2019-cu ilin iyul ayından orduda taqım komandiri vəzifəsində  leytenant kimi xidmətə başlayıb. Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə fərqləndiyinə görə bölük komandiri vəzifəsinə layiq görülüb, uşaqlıqdan riyazi elmlərə  böyük marağı olub.  Şəhid 44 günlük Vətən  müharibəsində Füzuli, Cəbrayıl,  Qubadlı və Şuşa-Xankəndi istiqamətində gedən qızğın döyüşlərdə yüksək peşəkarlıqla döyüşdüyünə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  "Azərbaycan bayrağı" ordeni ,  "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 09 noyabr 2020-ci il tarixdə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 13 noyabr 2020-ci il tarixdə Samux şəhərində dəfn olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər