Şriftin ölçüsü :

Saytın rəngi :

Çəyirtəkimilərə qarşı müşahidə və mübarizə tədbirləri görülür

01 iyun 2021 | 16:00

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi Mərkəzinin yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində, ümumilikdə, 75979,0 hektar sahədə müşahidələr aparılıb, 17257,0 hektar sahədə sirayətlənmə aşkar edilib və 4867,5 hektar sahədə Mərakeş çəyitkəsinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müşahidələr əsasən Ceyrançöl ərazisində (Ağstafa, Şəmkir, Samux rayonlarında) 38381,0 hektar sahədə aparılıb, 11807,0 hektar sahədə sirayətlənmə aşkar edilib, 3830,0 hektar (2020-ci il ilə müqayisədə 1377,0 hektar çox) sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Tərtər rayonu ərazisində 1568,0 hektar sahədə müşahidələr aparılıb, 1006,0 hektar sahədə sirayətlənmə aşkar edilib, 519,0 hektar sahədə (2020-ci il ilə müqayisədə 439,0 hektar çox) kimyəvi mübarizə tədbirləri aparılıb.
İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində payızlıq taxıl əkini sahələrinin ətrafında 630 hektar sahədə müşahidələr aparılıb, 510 hektar sahədə sirayətlənmə aşkar edilib, 432,5 hektar sahədə mübarizə tədbirləri aparılmaqla taxıl əkinlərinə vurula biləcək ziyanın qarşısı alınıb. Göygöl rayonu ərazisində 800,0 hektar sahədə müşahidələr aparılıb, 60,0 hektar sahədə sirayətlənmə aşkar edilib, 50,0 hektar sahədə mübarizə işləri aparılıb.
Bildiririk ki,bu il küdrü düzü ərazisində Mərakeş çəyirtkəsinin populyasiya sıxlığının azalması müşahidə edilib. Bu ərazidə (Biləsuvar, Saatlı, Sabirabad, İmişli və Salyan rayonları) 22766,0 hektar sahədə müşahidələr aparılıb, cəmi 878,0 hektar sahədə sirayətlənmə aşkar edilib, sürfələrin yaşı və sıxlığı nəzərə alınmaqla 30,0 hektar sahədə mübarizə tədbirləri aparılıb.
Kimyəvi mübarizə tədbirləri Mikroneyr tipli ultra kiçikhəcmli çiləyicilər üçün nəzərdə tutulan “Chrysamed Dedex” (t.m.-Alfa-sipermetrin) və traktor çiləyiciləri üçün nəzərdə tutulan “Arrivo” (t.m-Sipermetrin) preparatlarla həyata keçirilib.
Yaz aylarında havaların soyuq keçməsi səbəbindən İtaliya çəyirtkəsinin çıxışı hələlik müşahidə edilməyib.
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat versinlər.
Bakı, 31 may, AZƏRTAC

Keçidlər