Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ ərazisində sülhməramlı qüvvələrin rolu

11 yanvar 2021 | 16:00

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirədə çıxış edib. Cənab Prezident çıxışında Qarabağ ərazisində  sülhməramlı qüvvələrin vəzifələrinin nədən ibarət olduğunu xüsusi vurğulamışdır.
Sülhməramlı qüvvələrin vəzifəsi qarşıdurma tərəfləri arasında atəşkəs razılaşmasına riayət edilməsini izləməkdir. Başqa sözlə, onlar hansısa toqquşmanın qarşısını alan qüvvə rolunu oynayırlar. Sülhməramlıların digər vacib vəzifəsi sırf insan hüquqları vəzifəsidir, yəni mülki şəxslərin qorunmasıdır. Ümumiyyətlə, sülhməramlıların rolu hüquq-mühafizə orqanlarının funksiyalarına endirilir.
       Sülhməramlı qüvvələr yalnız tərəflərin razılığı və ya BMT Təhlükəsizlik Şurasının qərarı əsasında yerləşdirilə bilər. Ermənistan-Azərbaycan münaqişəsi məsələsində söhbət məhz tərəflər arasında razılaşmadan gedir.
       Rusiyalı sülhməramlılara gəlincə, onlar xarici silahlı qüvvələrin struktur hissəsidir və Rusiya Müdafiə Nazirliyinə tabedirlər. Ancaq bunlar xüsusi təlim keçmiş sülhməramlı birliklərdir . Sülhməramlı qüvvələr münaqişənin tərəfi deyil və onların yerləşdirilməsi Rusiyanın avtomatik olaraq münaqişə tərəfinə çevrilməsi demək deyil.
       Beynəlxalq hüquq nöqteyi-nəzərindən, sülhməramlı qüvvələr xarici hərbi baza kimi təsnif oluna bilməz. Xarici hərbi bazaların statusu ayrı normalar və razılaşmalarla müəyyən edilir. Qarabağ ərazisində rusiyalı və türkiyəli hərbçilər məsələsində söhbət məhz sülhməramlı qüvvələrdən gedir.

 

İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi
Məsimzadə Səmra

Keçidlər