Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Samuxda 15 subartezian quyusu istifadəyə veriləcək

11 mart 2020 | 16:00

Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatıdır. Bu sahə daim dövlət başçısının diqqətindədir. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samux Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu sərəncamlar əsasında rayonda 81 subartezian quyusu qazılıb istifadəyə verilməsi nəzərdə tutulub.
Artıq həmin subartezian quyularından 66-sı istifadəyə verilib. 15 subartezian quyusu isə cari ildə istifadəyə veriləcək. Eyni zamanda, görülmüş tədbirlərlə Şəmkir–Maşın kanalına daimi suyun verilməsi təmin edilib.
Ötən il 370 ədəd nasos, 36 ədəd elektrik avadanlığı təmir edilib. Torpaqların suvarılması üçün kanallarda 769 min kubmetr lildən təmizləmə, 205 min kubmetr sahilbərkitmə işləri görülüb. Kanallarda 26 ədəd hidrotexniki qurğu, 20 ədəd hidropostlar təmir edilib, 30 min kvadratmetr kol-koslardan təmizləmə işləri aparılıb. İl ərzində Gəncə çayında 18 min kubmetr, Qabırrı çayında 20 min kubmetr, Qoşqar çayında 12 min kubmetr əlavə sahilbərkitmə işləri görülüb. Rayonun Qaraağaclı qəsəbəsində su nasos stansiyası yenidən qurulub. Burada əlavə nasos quraşdırılıb, 2 kilometr uzunluğunda 220 millimetr boru ilə su xətti çəkilib. Bundan əlavə, 100 hektar sahənin suvarılması təmin edilib.
Samux, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər