Şriftin ölçüsü :

Saytın rəngi :

“Samux Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi

27 fevral 2020 | 16:00

Hesabat yığıncağı qeyd edir ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də rayonumuzda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin təmiri-tikintisi,  abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur. Rayon iqtisadiyyatının  əsas  göstəricilərində bu öz əksini tapmışdır. Hesabat ilində rayon üzrə ümumi məsul buraxılışının həcmi 159,0 milyon manat təşkil etmişdir. O cümlədən, sənaye məsullarının həcmi, 6,0 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 89,4 milyon manat olmuş, tikintinin həcmi 20,6 milyon, nəqliyyat  3,2 milyon, rabitə 0,8 milyon və ticarət dövrüyyəsi 38,9 milyon manat təşkil etmişdir. Eyni zamanda pərakəndə  əmtəə  dövriyyəsi  117,9 milyon manat, əhalinin  gəlirləri  174,1 milyon manat olmuşdur.
Hesabat ilində  rayonda  tikinti-quruculuq və abadlıq işləri daha da sürətləndirilmişdir. Belə ki, “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Samux şəhərində  Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli binanın dam örtüyünün dəyişdirilməsi, eyni zamanda   təmirə ehtiyacı olan 4  çoxmənzilli yaşayış binalarında təmir bərpa işləri  başa çatdırılmışdır. 2019-cu il ərzində növbəlilik əsasında  2 şəhid ailəsinə və 7 Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisinə başlanılmış və işlər tamamlanmışdır. Yaxın vaxtlarda fərdi yaşayış evləri sahiblərinə təhvil veriləcəkdir.
İlin əvvəlində Yenikənd-Köbər-Qaraağaclı  yolu üzərində bir aşırımlı körpünün tikintisinə başlanmış və  ümumi uzunluğu 24 metr, eni 8,4 metr olan körpünün tikintisi qısa müddət ərzində başa çatdırılaraq istifadəyə verilmişdir.
Alabaşlı qəsəbə 2 saylı uşaq bağçasının qəza vəziyyətində olan binasında əsaslı təmir və bərpa işlərinə başlanmış və qısa müddət ərzində işlər başa çatdırılaraq körpələrin istifadəsinə verilmişdir. Bağçanın istilik sistemi qurulmuşdur.
Samux şəhər 2 saylı uşaq bağçası üçün ayrılmış yeni binada yenidənqurma və bərpa işlərinə başlanmış,  hazırda işlər başa çatmaq üzrədir.
Hesabat ilində Samux şəhərinin mərkəzləşmiş içməli su sisteminin qurulmasına başlanmışdır 2018-ci ildən icrasına başlanılmış və dövlət büdcəsi hesabına həyata keçirilən “Samux şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişafı nəzərə alınmaqla Samux şəhərində 13 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində 27 min nəfər sakinin yaşadığı 8 kəndin içməli su təchizatının yaxşılaşdırılması da nəzərdə tutulur. Hesabat ilində Gəncə şəhərindəki anbarlardan Samux şəhərinə qədər 9,3 km magistral su kəməri və iki  5 min kubmetr həcmi olan su anbarı inşa edilmiş, nəzərdə tutulan 56 km içməli su şəbəkəsinin 46 km  inşa olunmuş və 2500-ə qədər abonentə su xətti çəkilmiş, 1100 abonent üçün su sayğacları quraşdırılmışdır. Hazırda işlər başa çatmaq üzrədir və yaxın vaxtlarda içməli su şəbəkəsinin  istifadəyə verilməsi nəzərdə tutulur.  Bununla bərabər Samux şəhərində 56 km kanalizasiya şəbəkəsinin, 12 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 7 min kubmetr olan tullantı su təmizləyici qurğunun inşası planlaşdırılır.
Ötən il Samux şəhərində üzunluğu 670 m olan Şah İsmayıl Xətai və uzunluğu 330 metr olan Şahlar Rüstəmov, uzunluğu 1100 metr olan Xəzər küçələrinə və Hacı Zeynalabdin Tağıyev  küçəsinin 960 metrlik hissəsinə yeni asfalt örtüyü salınmış və  su keçidləri quraşdırılmışdır. Şəhərin Nəbiağalı, Şeyzamanov,Yusifli,  Xəlil Rza Ulutürk, A.Şaiq Ə.Hacıyev, C.Cabbarlı və X.B.Natavan küçələrində cari təmir işləri aparılmışdır. Eyni zamanda  M.P.Vaqif, 28 May və A.Nəbiyev küçələrində su keçidləri quraşdırılmış və cari təmir işləri aparılmışdır. İlin sonunda rayonun ucqar, Gürcüstan Respublikası ilə sərhəddə yerləşən beş kəndini rayon mərkəzi ilə birləşdirən Yenikənd-Poylu-Qarabağlı-Salahlı-Kəsəmən yolunun tikintisi ilə bağlı hazırlıq işləri aparılmışdır. Hazırda həmin yolun tikintisinə başlanılmışdır.
2019-cu ilin sonunda Heydər Əliyev  Fondu tərəfindən   Sərkar kənd tam orta məktəbi üçün 800 şagird yerlik, Sərkar kənd körpələr evi-uşaq bağçası üçün 100 yerlik, Ziyadlı kənd uşaq bağçası üçün 80 yerlik binaların tikintisinə, Ziyadlı kənd tam orta məktəbnin binasının əsaslı təmirinə və  rayon mərkəzi xəstəxanası üçün müasir tələblərə cavab verən yeni  xəstəxana binasının inşasına başlanılmışdır. Hazırda işlər davam etdirilir.
Rayon iqtisadiyyatının inkişafında da mühüm rol oynayan  sahibkarlığın inkişafına rayonda xüsusi diqqət verilir və təsadüfi deyildir ki, il ərzində        408 yeni sahibkarlıq subyekti fəaliyyətə başlamışdır ki, onlardan da 14-u hüquqi şəxsdir. Hazırda rayonda 1879 sahibkarlıq subyekti fəaliyyət göstərir ki, onlardan da 102-si hüquqi şəxslərdir.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi  müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ”  heyvandarlıq kompleksi,  “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC , “Vest Milk” MMC, Murovdağ Kəndli fermer təsərrüfatı, Heyvandarlıq və Yemçilik müəssisəsi, “Region Aqro” MMC kimi  iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda 110  müasir  istixana fəaliyyət göstərir ki,  onların da ümumi sahəsi 77,5  hektar təşkil edir.  Bu istixanalarda il ərzində 8000 tondan çox faraş tərəvəz - pomidor, xiyar yetişdirilir. Bu məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
5000 ha ərazidə yaradılmış  “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət  2019-cu ilin məhsulu üçün  müəssisə tərəfindən 3306 ha sahədə  əkilmiş taxıl sahəsindən 7333 ton məhsul əldə olunmuşdur. Təkrar əkinlə  2720 payızlıq  qarğıdalı əkilərək 7826 ton məhsul əldə edilmişdir.
“Region Agro” MMC tərəfindən 2019-cu ilin məhsulu üçün 562 ha buğda sahəsindən 1602 ton, (məhsuldarlıq 2 8,5 sent/ha), 253 ha arpa sahəsindən 820 ton,  (məhsuldarlıq 32,4 sent/ha),  məhsul yığılmışdır. 493 ha təkrar əkin aparılmışdır ki, buradan 4214 ton payızlıq qarğıdalı və 3669 ton silos üçün istehsal olunmuşdur.
Məlumat üçün qeyd edək ki, rayon üzrə istehsal olunan taxıl məhsulunun 30,4 faizi, qarğıdalının 95 faizi məhz bu təsərrüfatların payına düşür. Bu da iri təsərrüfatların nə qədər effektli olmasının göstəricisidir.
İl ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 20 layihə üzrə  1,5 milyon  manat güzəştli kredit verilmiş və bunun hesabına 79 yeni iş yeri yaradılmışdır.  2002-2019-cu illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 768 layihə üzrə 33,5 milyon manat güzəştli kredit verilmişdir ki, bu da öz növbəsində 2016 yeni iş yerinin açılmasına imkan vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan  irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə,  iqtisadiyyatının  əsasını   aqrar  sektor  təşkil  edən rayonumuzda  sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir.   Həyata keçirilən tədbirlər sahəsində 2019-cu ildə kənd təssərrüfatında 89,4 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ildəkindən 10,5 faiz çoxdur.
2019-cu  ilin  məhsulu  üçün 9623,0  hektar  sahədə taxıl əkilmişdir ki, onun da  5941,0 hektarı  buğda,  3682,0  hektarı  dən  üçün  arpadır. Cari ildə 7254,3 hektar sahədə  yazlıq  bitkilərin  əkini  aparılmışdır.  Onlardan 369,0 hektarı şəkər çuğunduru, 3329,0 hektarı dən üçün günəbaxan,  334,0  hektarı  kartof, 697,5 hektarı  tərəvəz, 272,0  hektarı bostan, 456,8 hektarı qarğıdalı və 14 hektarı çəltik və 1782 hektarı  digər kənd təsərrüfatı   məhsullarıdır. 2020-ci il 01 yanvar  tarixinə  5941 hektar buğda sahəsindən 19343 ton buğda, 3676 hektar arpa sahəsindən 12699 ton arpa məhsulu toplanmışdır ki, məhsuldarlıq ümumilikdə 33,2 sentner təşkil etmişdir.
Digər əkinlər üzrə 334 ha kartof sahəsindən 6077 ton kartof, 272 ha bostan sahəsindən 3464 ton bostan, 3329 hektar günəbaxan sahəsindən 7397 ton günəbaxan, 14 hektar çəltik sahəsindən 35 ton çəltik məhsulu yığılmışdır. Bundan başqa hesabat dövrü ərzində 18101 ton  meyvə və giləmeyvə, 11624 ton üzüm, 65302 ton quru ot, 11042 ton küləş yığılmışdır. 
2020-ci  ilin  01 yanvar  tarixinə  iri  buynuzlu  mal-qaranın  sayı 23302 baş  olmuşdur. Bundan  ana inək və camışların  sayı  12099 baş təşkil edir. Qoyun və keçilərin  sayı isə 139092  başdır.
Hesabat dövrü ərzində 5739 ton diri  çəkidə  ət, 31358  ton süd,  7,4 milyon  ədəd  yumurta  istehsal  olunmuşdur.
2020-ci ilin məhsulu üçün 13347 hektar sahədə şum qaldırılmış,10347 hektar sahədə payızlıq səpin işləri aparılmışdır ki, bunun 5797 hektarı buğda, 3765 hektarı arpa, 777 hektarı xəsil məqsədi ilə əkilmişdir. 
Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən kənd təsərrüfatının stimullaşdırılması məqsədi ilə cari ildə istehsalçılar əkin və yanacaq dəyərinə görə 7382 istehsalçıya  1140539,0 manat, o cümlədən 5305 hektar buğda əkini üzrə 477480,0 manat, təkrar əkinə görə 96 istehsalçıya 166108,0 manat,   çuğundur əkininə görə 151 istehsalçıya 67812,0 manat, süni mayalanma yolu ilə alınmış 470 buzova görə 47000 manat və arıçılıq üzrə 1739 ədəd arı ailəsinə görə 126 nəfər arıçıya 20080 manat, ümumilikdə 1441539 manat subsidiya plastik kartlarla istehsalçılara ödənilmişdir.
Eyni zamanda istehsalçılara güzəştli şərtlərlə 1,7 milyon  manat  dəyərində  2725,0 ton müxtəlif növ gübrələr və  234,0 min manat dəyərində  müxtəlif növ pestisidlər satılmışdır ki, onların da dəyərinin 70 faizi dövlət vəsaiti hesabına ödənilmişdir.
  Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur.  Bu sərəncamlar əsasında rayonumuzda 81 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, onların 66-sı istifadəyə verilmiş 15 subartezian quyusu  cari ildə istifadəyə veriləcəkdir.  Şəmkir –Maşın kanalına daimi suyun verilməsi təmin edilmişdir.
Bununla bərabər rayon İcra Hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar  qəbul-görüşlərdə və fərdi qəbullarda suvarma ilə bağlı daxil olan müraciətlər göstərir ki, hələ  suvarma suyuna, xüsusilə yay aylarında  ehtiyac olan yerlər vardır. Suvarma Sistemləri İdarəsi 2020-ci ildə əkin sahələrinin  daha da  genişlənməsini nəzərə almalı, suvarma suyuna ehtiyac olan  yerləri vaxtında müəyyən etməli və müvafiq tədbir görməlidir.
Rayon  əhalisini  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  edilməsi istiqamətində işlər görülmüşdür.  Əhali qrupu üzrə yararsız sayğacların dəyişdirilməsi və yeni abonentlərə elektrik enerjisi verilməsi məqsədilə  SİP kabel xətti çəkilmiş, 225 ədəd sayğac dəsti quraşdırılmışdır.
Əhalinin   təbii  qazla  təminatının  yaxşılaşdırılması  istiqamətində  də  müəyyən  işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi  yanacaqdan  istifadə  olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Hesabat dövründə abonentlərin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə müvafiq təmir-bərpa işləri həyata keçirilmişdir. Lək və Hacıalılı kəndlərini təbii qazla təmin edən xəttin dəyişdirilməsi istiqamətində işlər davam etmiş, xəttin 9,3 km hissəsində işlər başa çatmışdır.  Bundan başqa hesabat dövrü ərzində  3,3 km uzunluğunda Qarayeri-Alabaşlı daşıyıcı xətti  160 mm-lik polietlen boru ilə əvəz edilmişdir.  Alabaşlı və İnstitut qəsəbələrində qaz xətlərinin çəkilişi davam etdirilir.  2019-cu ildə 610 yeni abonent təbii qazla təmin edilmiş, 2987 qaz sayğacı yenisi ilə əvəz olunmuşdur.
İstehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun  dəyərinin vaxtında, tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən  qərargah tərəfindən müvafiq işlər aparılmışdır. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 97,5 faizi, təbii qazın dəyərinin 107,5 faizi yığılmışdır.
Rayon əhalisinə göstərilən  rabitə  və poçt  xidmətinin yaxşılaşdırılması  istiqamətində də müvafiq işlər aparılır. Hesabat ilində rayon Telekommunikasiya qovşağının yeni inzibati binası istifadəyə verilmiş və burada rayon mərkəzinə xidmət edən S-12 tipli elektron avtomat telefon stansiyası daha müasir NGN  EATS-lə əvəz edilmişdir. İl  ərzində yüksəksürətli internet portalının tutumu 624 port artırılaraq, montaj tutumu 5472 porta çatdırılmışdır.  Hazırda rayonda internet xidmətindən 5194  abunəçi  istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən 790 və ya   17,9 faiz  çoxdur.
Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və  fərdi qəbullarda edilən müraciətləri göstərir ki, əhalinin elektrik enerjisi, təbii qazla, içməli su və yüksəksürətli internet təminatında  müəyyən nöqsan və çatışmazlıqlar  hələ də  mövcuddur. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
2019-cu ildə şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində  bələdiyyələr, inzibati ərazi dairələri üzrə nümayəndələrlə  birgə yaxından iştirak etmişdir. İl ərzində  bələdiyyələr tərəfindən “Bir bələdiyyə - bir layihə” çərçivəsində müxtəlif layihələr həyata keçirilmişdir. Bu layihələr əsasən ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması, suvarma suyu ilə təchizatı, su arxlarının saxlanması, küçə və yolların təmiri, məişət tullantılarının yığılması və daşınması sahələrini əhatə etmişdir. Bununla bərabər bələdiyyələrin fəaliyyətində də ciddi nöqsanlar vardır. Xüsusilə bələdiyyə mülkiyyətində olan torpaqlardan  istifadə edilməsində,  torpaqların alqı - satqısı və icarəyə verilməsində, vergilərin yığılmasında olan nöqsanlar daha çoxdur.  Hələ də  qəsəbə və kəndlərdə ərazilərin təmizliyinin qorunub saxlanılması tam təmin edilmir, məişət tullantılarının yığılıb - daşınması  təşkil edilməmişdir. Əhalinin üzləşdiyi yerli problemlərin vaxtında aradan qaldırılması bir çox hallarda  təmin edilmir. Hesab edirik ki, yeni seçilən bələdiyyələr mövcud  nöqsan və çatışmazlıqların aradan qaldırılmasını  və  bələdiyyə torpaqlarından və mülkiyyətlərində olan əmlaklardan qanunvericiliyə uyğun istifadə edilməsinin təmin edəcəklər.
Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də əhalinin sosial müdafiəsi diqqətdə saxlanmışdır. Vətəndaşlarının rifah halının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının və digər normativ hüquqi aktların icrası ilə əlaqədar rayonda aidiyyəti idarə və müəssisələr müvafiq tədbirlər həyata keçirmişlər. 
2019-cu ildə rayon əhalisinin gəlirləri 174 milyon 109 min manat təşkil etmişdir ki, bu da 2018-ci illə müqayisədə 4,1 faiz çoxdur. Hesabat ilində rayon üzrə  orta aylıq əmək haqqı  32,3 faiz artaraq, 380,9 manat olmuşdur.
İmtiyazlı təbəqəyə aid olan şəxslərin rayon üzrə yaradılmış imtiyazlı mənzil növbəsinə götürülməsi hesabat ilində də davam etdirilmişdir. İl ərzində 2 nəfər imtiyazlı mənzil növbəsinə daxil edilmişdir. 01.01.2020-ci il tarixinə mənzil növbəsində  82 nəfər dayanır ki, onlardan da 9 nəfəri üçün inşa edilən mənzillər artıq tamamlanmışdır.Yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Son 16 ildə  71 Qarabağ müharibəsi əlili, şəhid ailəsi və Çernobıl əlili mənzillə təmin olunmuşdur.  2020-cu ildə də  bir neçə fərdi evin tikilməsi gözlənilir. Hazırkı vaxta kimi 21 Qarabağ müharibəsi, 4 nəfər Böyük Vətən Müharibəsi və iki nəfər Çernobıl əlilinə  ümumilikdə 27 nəfərə fərdi minik avtomobili verilmişdir.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, 2019-cu il  ərzində 592-si daimi olmaqla 1000 yeni iş yeri yaradılmışdır.
Bununla bərabər, il ərzində əsas tədbirlərdən biridə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında”  07 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar, Özünüməşğulluğun təmin edilməsi Proqramına Mərkəzdə qeydiyyatda olan işaxtaran vətəndaşlardan 122 nəfər aztəminatlı ailələrdən biznes ideyası, bacarığı olan seçilib təlimə cəlb edilmişdir, onlardan 72 nəfəri kənd təsərrüfatı üzrə əmlakla - 50 nəfəri iribuynuzlu malqara, 13 nəfəri qoyun və 9 nəfəri cins keçi ilə təmin olunmuşdur. Eyni zamanda 2018-ci ildə kursu müvəffəqiyyətlə başa vuranlardan 9 nəfəri xidmət sahəsi, 8 nəfəri isə kənd təsərrüfatı üzrə əmlakla təmin olunmuşdur. Həmin ailələrin  təsərrüfatlarını necə  idarə   etmələri  Mərkəz tərəfindən müşahidədə saxlanılır.Bununla bərabər hesabat ilində 31 nəfər peşə kurslarına cəlb edilmişdir. 
Rayonun  təhsil, səhiyyə və mədəniyyət  sahələrinin  inkişafı  da daim diqqətdə saxlanılmışdır. Son  illərdə  rayonda  inşa  edilən  məktəblər, onların  maddi  texniki  bazasının yaxşılaşdırılması  və informasiya kommunikasiya  texnologiyaları  ilə  təmin  olunması  rayonun  təhsil sisteminə   müsbət  təsir  göstərmişdir. Son 16  ildə  rayonda 18 yeni məktəb binası   inşa  edilmiş, 17 məktəbdə  əsaslı  təmir  işləri  aparılmışdır. Qeyd etdiyimiz kimi ilin sonunda Sərkar kənd tam orta məktəbinin tikintisinə, Ziyadlı kənd tam orta məktəbinin əsaslı təmirinə başlanmışdır.
2018-2019-cu tədris ilində buraxılış imtahanlarında müvəffəq qiymət alanların  faizi   9-cu siniflər üzrə   ana dili- 70,6 faiz, riyaziyyat-53,7 faiz, xarici dil-49,8 faiz olmuşdur.  11-ci siniflər üzrə isə ana dili- 69,1 faiz, riyaziyyat-40,0 faiz, xarici dil-48,31 faiz təşkil etmişdir. Qeyd etmək lazımdır ki, bütün fənlər üzrə nəticələr əvvəlki tədris ilindən aşağı olmuşdur.  Bu nəticələr təhsil yanı şurada geniş təhlil edilməli, rayon Təhsil şöbəsi və məktəb rəhbərləri məsələni ciddi nəzarətə götürməli, təhsilin keyfiyyətinin yüksəldilməsi  üçün müvafiq tədbirlər görməlidirlər.
Əhalinin  sağlamlığının qorunması və bu sahədə qabaqlayıcı tədbirlərin  görülməsi məqsədi ilə  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin tapşırığı əsasında  2019-cu il fevral ayının 12-dən may ayının 12-dək rayon əhalisinin  kütləvi tibbi müayinədən keçirilməsi işi təşkil edilmişdir. Rayon əhalisinin 44842 (78%) nəfəri müayinədən keçirilmişdir. Müayinədən keçirilmiş əhali qrupunun 1686 (4%) nəfərində müxtəlif xəstəliklər aşkar edilmiş,  müvafiq müalicələr təyin edilmiş və 332 nəfərə  Bakı və Gəncə şəhərlərinə göndəriş verilmişdir.  Müayinənin gedişi və nəticələri rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarında müzakirə olunmuşdur.
Eyni zamanda böyüməkdə olan   gənc nəslin  hərbi vətənpərvərlik  tərbiyəsinə  diqqət və qayğını daha da  artırmaq, məktəb şagirdlərini  hərbi idman oyunlarına  cəlb etməklə  “Şahin” hərbi idman oyununun  rayon birinciliyi keçirilmişdir. Qeyd etmək lazımdır ki, şəhər 2 saylı tam orta məktəbin komandası rayon birincisi olaraq  rayonu zona birinciliyində təmsil edərək birinci yerə çıxmışdır. Komanda Respublika birinciliyində diploma layiq görülmüşdür. 
Gənclər siyasəti sahəsində "Dini dözümlülük, tolerantlıq və multikulturalizm inkişafın və sabitliyin başlanğıcıdır"  “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Biz tezliklə Qarabağa qayıdacağıq”, "26 fevral-Xocalı soyqırımı bəşəriyyət tarixinin ən qanlı səhifələrindəndir",  “ Şəhidlər ölməz – Vətən bölünməz”, “Narkomaniyaya Yox Deyək”, “ İdman sağlamlıqdır”  mövzularında dəyirmi masalar təşkil edilmişdir. İl ərzində Qol güləşi, Kinqboksinq və Sərbəst güləş üzrə açıq rayon birincilikləri, Güllə atıcılığı, “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çöxnövçülüyü üzrə rayon birincilikləri, Futbol üzrə bələdiyyə komandaları arasında "Samux Kuboku" yarışı  təşkil olmuşdur.  Rayon idmançılarının respublika yarışlarında iştirakı təmin edilmişdir. 
Rayonda ideoloji işin təşkili, ictimai-siyasi vəziyyət daim diqqət mərkəzində saxlanılmışıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə  2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi  İli” elan edilməsi ilə bağlı rayonda silsilə tədbirlər keçirilmişdir.
Hesabat  dövründə  rayon  ərazisində  cinayətkarlığa  qarşı mübarizə və ictimai  asayişin  qorunması  istiqamətində  müvafiq tədbirlər həyata keçirilmiş, qanun pozuntularının qarşısının vaxtında alınması təmin olunmuşdur.  2019-cu  ildə rayonda 71  cinayət  hadisəsi qeydə alınmış, qeydiyyatda olan cinayət hadisələrindən 62-nin və ya 88,6 faizinin açılması  təmin edilmiş, 8 cinayət hadisəsi bağlı qalmışdır. 2018-ci ildə bu göstərici 85,5 faiz olmuşdur.  Hesabat ilində  rayon  Polis  şöbəsi  tərəfindən  narkotik vasitələrin  qanunsuz  dövriyyəsi  ilə  bağlı  aparılmış əməliyyat - axtarış  tədbirləri nəticəsində dörd  cinayət   və  2 inzibati fakt  aşkar  olunmuş  və  həmin  faktlar  üzrə aşkar edilmiş narkotik  vasitələr  dövriyyədən çıxarılmışdır. Qeyd edək ki, ötən il  iki cinayət və bir inzibati  fakt aşkar olunmuşdur.
2019-cu ildə  Samux  Rayon  İcra  Hakimiyyəti başçısı aparatına  ümumilikdə  576 (528)  ərizə,  təklif  və  şikayət   daxil  olmuşdur  ki, bu da 2018-ci ildəkindən 48 müraciət və ya 9,1 faiz çodur. Daxil olmuş müraciətlərdən 246-sı (215)  yerli  sakinlərdən, 330-u (313)  isə respublikanın   yuxarı  təşkilatlarından daxil olmuşdur.
Respublikanın  yuxarı  təşkilatlarından  daxil  olmuş    müraciətlərin  təhlili  göstərir   ki,  onlardan 272-si ərizə (226) , 58-i (87)  şikayət xarakterli olmuşdur.  Vətəndaşlardan  daxil  olmuş  müraciətlərin 228-i (196) ərizə ,  18 (19) müraciət  şikayət xarakterli olmuşdur.  Göründüyü kimi hesabat ilində şikayət xarakterli müraciətlərin sayı ümumilikdə 33 ədəd azalmışdır. İl ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.

Keçidlər