Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində daha 4 layihədə üzrə müqavilələr imzalanıb

21 dekabr 2019 | 16:00

Dekabrın 20-də Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı və “Mədəniyyətə yardım qrant proqramı” çərçivəsində həyata keçirilən dörd layihə üzrə qrant müqavilələrinin imzalanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori tədbirdə çıxış edərək ölkələrimiz arasındakı dostluq əlaqələrindən söhbət açıb. O bildirib ki, hər iki tərəf iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Səfir imzalanan qrant layihələrinin əhəmiyyətindən danışıb. O, layihələrin icrası nəticəsində Samux, Ağstafa və Gədəbəy rayonlarında tibb məntəqələrinin tikintisi, eləcə də Tərtər və Bərdə rayonlarında suvarma təchizatının təkmilləşdirilməsi ilə bu sahələrin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Dəstəyə görə Yaponiya Hökumətinə və bu ölkənin Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirən Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev layihələrin insanlara yaxşı xidmət göstərilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Deputatlar Məlahət İbrahimqızı, Sevinc Hüseynova, eləcə də “Aran Humanitar Regional İnkişaf” İctimai Birliyinin sədri Rauf Əliyev da layihələrin önəmindən söhbət açıblar.
Qeyd edək ki, 4 layihə üçün nəzərdə tutulan vəsaitin ümumi dəyəri 298,548 ABŞ dolları təşkil edir. Bu layihələr nəticəsində Samux, Ağstafa və Gədəbəy rayonlarında tibb məntəqəsi tikintisi, Bərdə və Tərtər rayonlarında suvarma təchizatının təkmilləşdirilməsi həyata keçiriləcək. Bu vaxta qədər Azərbaycanda 256 sayda “Ot kökləri” layihələri imzalanıb ki, onların ümumi məbləği 20 milyon ABŞ dolları təşkil edir.
“Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı insan təhlükəsizliyi ideyasına əsaslanaraq, Yaponiya Hökuməti tərəfindən inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa dəstək göstərir. İnsan yaşayışı üçün vaciblik təşkil edən sahələri (təhsil, səhiyyə, yaşayış mühiti) prioritet götürən qrant yardımı proqramı əhalinin həyat şəraitinə birbaşa təsir göstərən xırda infrastruktur layihələrini həyata keçirir.
Yaponiya Hökuməti “Ot kökləri və insan təhlükəsizliyi” yardım proqramını Azərbaycanda 2000-ci ildən həyata keçirir.

Keçidlər