Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda yaz əkin sahələri 6 min hektarı ötüb

11 may 2018 | 16:00

İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı bitkilərinin istehsalı təşkil edən Samux rayonunda yazlıq bitkilərin əkini davam edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ilin yanvar-aprel aylarında Samuxda 6 min 206 hektar sahədə yazlıq bitkilər əkilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,4 faiz çoxdur.
Bu il sahələrdə 876,5 hektar dənli və dənli paxlalılar, 692 hektar çoxillik otlar, 2 min 326,5 hektar dən üçün günəbaxan, 230,5 hektar kartof, 557,5 hektar tərəvəz, 938 hektar emal üçün şəkər çuğunduru, 138,5 hektar bostan, 432 hektar pambıq və 14,5 hektar birillik otlar əkilib.
Rayon icra hakimiyyətinin informasiya təminatı və analitik təhlil sektorunun müdiri Elmar Qarayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sahələrin suvarılması və kənd təsərrüfatı texnikası ilə təminatı həll edilib. “Hazırda sahələrdə fermerlər və təsərrüfat sahibləri tərəfindən həm ekstensiv, həm də intensiv yolla əkin aparılır. Ekstensiv əkin daha çox təyinatı dəyişdirilən və əkin dövriyyəsinə cəlb edilmiş yeni torpaqlarda, intensiv əkin isə təsərrüfat sahiblərinin əvvəlki illərdə müəyyən təcrübə qazandıqları sahələrdə tətbiq edilir. Hər iki halda fermerlər və təsərrüfat sahibləri sahələrə düzgün aqrotexniki qulluq göstərərək məhsuldarlıq dövründə yüksək məhsul tədarük etməyi planlaşdırırlar”, – deyə E.Qarayev qeyd edib.
Samux, 11 may, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər