Şriftin ölçüsü :

Saytın rəngi :

GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNDA ƏMƏK EHTİYATLARININ FORMALAŞMASI

14 fevral 2018 | 16:00

Gəncə-Qazax iqtisadi rayonu 9 inzibati rayon (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy), Gəncə və Naftalan şəhərlərindən ibarətdir. İqtisadi rayon özündə 13 şəhər, 46 qəsəbə və 521 kəndi birləşdirir [5]. Gəncə-Qazax iqtisadi rayonunun ərazisinin ümumi sahəsi 12,30 min kv.km olmaqla ölkə ərazisinin 14,2 faizini təşkil edir [1].
Gəncə-Qazax iqtisadi rayonu Azərbaycanın faydalı qazıntılarla zəngin regionlarından biridir. Kür çayının region ərazisindən axan hissəsi hidroenerji və təbii-rekreasiya ehtiyatları ilə zəngindir. Gəncə-Qazax iqtisadi rayonu regionlar arasında iqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yeri tutur. İqtisadi rayonun sənayesi əsasən mədənçıxarma, emal və elektrik enerjisi istehsalı sahələrindən ibarətdir [2].
Azərbaycan Respublikası üzrə kənd təsərrüfatı məhsullarının 15.2 faizi, o cümlədən bitkiçilik məhsullarının 18.5 faizi, heyvandarlıq məhsullarının 12.1 faizi bu regionun payına düşür.
Azərbaycanın şimal-qərb bölgəsinin sosial-iqtisadi inkişafında, bu ərazilərdə məskunlaşmış əhalinin sosial-mədəni tələbatlarının ödənilməsində rayonun sosial infrastrukturu mühüm rol oynayır. Gəncə-Qazax iqtisadi rayonunda hazırkı demoqrafik inkişaf bir sıra xüsusiyyətlərə malikdir. Bunlardan bəzilərini nəzərdən keçirək.
1. İqtisadi rayon əhalisinin təbii artımı. Əhali həm istehsalçı, həm də istehlakçı olmaqla cəmiyyətin başlıca məhsuldar qüvvəsidir. Bununla da onlar təkcə maddi nemətlərin deyil, həm də özlərinin təkrar istehsalını təmin etmiş olurlar. Gəncə-Qazax iqtisadi rayonu əhalisinin sayına görə ölkənin 1 milyondan çox olan regionları sırasında yer alır. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynayır. Gəncə-Qazax iqtisadi rayonu demoqrafik cəhətdən əlverişli region hesab olunur.
Azərbaycan RespublikasıDövlət Statistika Komitəsinin 2017-ci il 1 yanvar tarixinə olan məlumata görə Gəncə-Qazax iqtisadi rayonunda əhalinin sayı 1265,2 min nəfər olmuşdur.Onların 580,9 min nəfəri (45,9%) şəhər yerlərində, 684,3 min nəfəri isə (54,1%) kənd yerlərində məskunlaşmışdır.İqtisadi rayon əhalisinin  631,1 min nəfərini (49,9%) kişilər, 634,1 min nəfərini isə (50,1%) qadınlar təşkil edirlər.Gəncə-Qazax iqtisadi rayonunda 2011-2017-ci illərdə kişilər 579,0 min nəfərdən 631,1 min nəfərədək 52,1 min nəfər və ya 8,9%), qadınlar isə 593,8 min nəfərdən634,1 min nəfərədək (40,3 min nəfər yaxud 6,8%) artmışlar.Gəncə-Qazax iqtisadi rayonunda yaşayan əhali ölkə əhalisinin 12,9 faizini təşkil edir.Aşagıdakı cədvəldə 2011-2017-ci illərdə Gəncə-Qazax iqtisadi rayonunun əhali sayının dinamikasını nəzərdən kecirək
Cədvəldə əhalinin təbii artımı nisbi göstəricilərlə, doğumun və ölümün ümumi əmsallarının fərqi ilə müəyyən olunur. Gəncə-Qazax iqtisadi rayonunda iki dövr (1999-2009-cu illər əhalinin siyahıyaalınması) arasında əhalinin artımı 88.2 min nəfər olmuşdur ki, bu da il ərzində orta hesabla 0,9% artım deməkdir.
Gəncə-Qazax iqtisadi rayonunda əhalinin nisbi artım sürəti əvvəlki illə müqayisədə 2011-ci ildə 1.1%, 2012-2013-cü illərdə 0.9%, 2014-cü ildə 1.1%, 2015-ci ildə isə bu göstərici 1.0% təşkil etmişdir. Əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 2010-cu ildəki 17,4%-ə qarşı 2011-ci ildə 18,6% olmaqla artsa da, 2015-ci ildə 16,8%-ə qədər azalmışdır.
Aşağıdakı cədvəldə Gəncə-Qazax iqtisadi rayonunda rayonlar üzrə əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı göstərilmişdir.
Cədvəldən göründüyü kimi, əhalinin hər 1000 nəfərinə düşən doğum əmsalına görə          2010-2015-ci ildə Şəmkir rayonu liderlik edirdi (müvafiq olaraq 21,2 və 20,3). Ümumiyyətlə, Şəmkir rayonu 2010-2015-ci illərdə əhalinin hər min nəfərinə düşən doğulanların sayına görə aparıcı mövqeyə malik rayondur. Əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayını qrafik olaraq aşağıdakı kimi təsvir etmək olar.

Şəkildən göründüyü kimi, 2010-2015-ci ildə hər 1000 nəfərə düşən doğum əmsalı üzrə ən aşağı göstərici Gəncə şəhərində qeydə alınmışdır (2010-cu ildə 12,5 və 2015-ci ildə 12,2).
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən Gəncə-Qazax iqtisadi rayonunda ana ölümü üzrə göstərici aşağıdakı kimi olmuşdur.
Gəncə-Qazax iqtisadi rayonunda ana ölümü 2010-cu illə müqayisədə 2015-ci ildə 7 nəfərdən 3 nəfərə qədər azalmışdır. Müqayisə üçün bildirək ki, Aran iqtisadi rayonunda ana ölümü 2014-cü ildə 8 nəfər və 2015-ci ildə 7 nəfər olmuşdur. Ana ölümü üzrə 2010-2015-ci illər üzrə ən aşağı göstərici Şəki-Zaqatala iqtisadi rayonuna aiddir.
Cədvəl 1-dən göründüyü kimi, hər il Gəncə-Qazax iqtisadi rayonunda ölənlərin sayı 8.1-8.4 min arasında dəyişir. Bu iqtisadi rayon əhalisinin 0.7%-i deməkdir. 2012-ci ildə ölənlərin sayı tədqiqat aparılan 2010-2015-ci illərdə ən aşağı səviyyədə olmuşdur. Cədvəl 3-dən göründüyü kimi, iqtisadi rayonda ana ölümlərinin sayı 2010-cu ildə ən yüksək səviyyədə (7 nəfər) 2014-cü ildə isə ən aşağı səviyyədə (2 nəfər) olmuşdur.
Gəncə-Qazax iqtisadi rayonunda bu illər ərzində ölüm əmsalı müvafiq olaraq, 2010-cu ildə 6.9, 2012-ci ildə 6.8 və 2015-ci ildə 6.7 olmuşdur. Bu illər ərzində yeni doğulan uşaqların bir yaşa qədər ölüm əmsalı uyğun olaraq 10.2, 9.3 və 7.5 olmuşdur. Bütün bunların nəticəsində iqtisadi rayon əhalinin təbii artım əmsalı 10.5, 9.9 və 10.1% olmaqla xeyli stabilləşmişdir.
Gəncə-Qazax iqtisadi rayonunda qadınların sayı kişilərin sayından 4,2 min nəfər və yaxud 0,7% çox olmuşdur. Qadınların sayının kişilərin sayından belə artıq olmasının bir səbəbi də Qarabağ müharibəsindən sonra ölkənin genofondunda olan dəyişikliklərlə əlaqədardır.
2. Əməkqabiliyyətli yaşda əmək ehtiyatlarının stabilləşməsi. Azərbaycanda əmək ehtiyatlarından istifadə 2000-ci ildən sonra xüsusilə böyük vüsət almışdır.
Əmək ehtiyatlarına əməkqabiliyyətli əhali daxildir. Əmək ehtiyatları anlayışı altında əhalinin işləmək qabiliyyəti olan hissəsi başa düşülür, onların tərkibinə təkcə iqtisadi cəhətdən fəal əhali deyil, həm də hazırda işləməyən və iş axtarmayan əməkqabiliyyətli şəxslərin digər kateqoriyaları, o cümlədən istehsalatdan ayrılmaqla təhsil alanlar da daxildir.
Əmək ehtiyatları dedikdə əmək bazarında işçi qüvvələrinin ehtiyatı nəzərdə tutulur. Eyni zamanda əmək ehtiyatları iqtisadi fəal və iqtisadi qeyri-fəal əhalinin işləmək üçün zəruri fiziki inkişafa, biliyə və əməli təcrübəyə malik hissəsidir.
Əmək ehtiyatlarından eyni bərabər şəraitdə səmərəli istifadə edilməsi, maksimum ümumi məhsul əldə edilməsinə, əmək məhsuldarlığının yüksəldilməsinə, istehsalın səmərəliliyinə və rentabelliyinə nail olunur. Ölkənin inkişafının müasir mərhələsində əmək ehtiyatlarından səmərəli istifadə edilməsi böyük praktiki əhəmiyyətə malikdir.
Əmək ehtiyatları əsasən sosial-demoqrafik, peşə-ixtisas və təhsil aspektlərində nəzərdən keçirilir. Əmək ehtiyatlarının əsas hissəsini əməkqabiliyyətli yaşında olan əhali təşkil edir. I və II dərəcəli işləməyən əlillərdən və imtiyazlar əsasında pensiya alan, işləməyən şəxslərdən başqa, əməkqabiliyyətli yaşda olan əhali; işləyən yeniyetmələr və pensiya yaşında olan işləyən               şəxslər- əmək ehtiyatlarına daxildir [4].    
İqtisadi cəhətdən fəal əhali bütün işləyənlərin və işsizlərin məcmusunu əks etdirir. İqtisadiyyatda məşğullara muzdla işləyənlər (daimi, müvəqqəti, mövsümi, təsadüfi və ya birdəfəlik iş olmasından asılı olmayaraq), habelə muzdsuz işləyənlər aid edilir.
Əmək ehtiyatlarına əməkqabiliyyətli yaşlarında (kişilər15-61 və qadınlar 15-56 yaşlarında) hər iki cinsdən olanlar habelə əməkqabiliyyətli yaşlarında olmayıb (yeniyetmə və əməkqabiliyyətli yaşlardan yuxarı yaşlarda olanlar) faktiki işləyənlər daxildirlər.
İqtisadi rayonun əmək ehtiyatlarının çox hissəsini əməkqabiliyyətli yaşda olan əhali təşkil edir. Gəncə-Qazax iqtisadi rayonunda əmək ehtiyatlarının 2011-2015-ci illərin müqayisəli təhlili göstərir ki, iqtisadi regionda ölkənin əmək ehtiyatlarının 13.2%-dən 15.2%-ə qədəri cəmləşmişdir. Həmçinin cədvəl 4-dən aydın olur ki, 2011-2015-ci illərdə Gəncə-Qazax iqtisadi rayonunda əmək ehtiyatları yekcins deyil və onun xüsusi çəkisi 66-77% intervalına qədər dəyişir. Məşğulluq xidmətində işsizlik statusu almış şəxslər isə 2015-ci ildə 0.2 faiz təşkil etmişdir.
Müqayisə üçün qeyd edək ki, ölkənin əmək ehtiyatları 2015-ci ildə 6335.9 min nəfərdən çox olmaqla ümumi əhalinin 65.7 faizini təşkil edir. Ondan 4915.3 min nəfəri və yaxud 77.5%-i iqtisadi fəal əhali qrupuna daxildir. İqtisadi fəal əhalinin tərkibində məşğulluq səviyyəsi 95 faizə bərabər olmuş, 5 faizi işsizlər, 0.6 faizi isə məşğulluq xidmətində qeydiyyatdan keçmiş və işsiz statusu almış şəxslərdir.
Əmək ehtiyatlarının xarakteristikasında əmək ehtiyatlarının yaş və cins tərkibində mühüm əhəmiyyəti var. Əmək qabliyyəti yaşında olan əhalinin çoxunu qadınlar təşkil edir.

Əhalinin yaş tərkibində əməkqabiliyyətli yaşa qədər uşaq və yeniyetmələrin xüsusi çəkisi 2011-ci ildə 22,4% 2012-ci ildə 22.3% olmaqla, 2016-ci ildə yenidən 22,4% omuşdur.
Gəncə-Qazax iqtisadi rayonunda 2011-ci ildə əməkqabiliyyətli yaşlarda olan əhalinin xüsusi çəkisi 68,1%-ə çatmışdır. Bu göstərici 2012-cü ildə 68,2% və 2014-ci ildə 68,3%, 2016-cı ildə isə 68,0% olmuşdur. Bu dəyişiklik, əsasən, ölkədə qəbul edilən əmək qanunvericiliyinə müvafiq olaraq, 2010-cu ildə kişilər 15-61.5, qadınlar 15-56.5 yaşda; 2011-ci ildə kişilər 15-62, qadınlar 15-57 yaşda; 2012-ci ildə qadınlar 15-57.5 yaşda; 2013-cü ildə qadınlar 15-58 yaşda; 2014-cü ildə kişilər 15-62; qadınlar 15-58,5 yaşda əməkqabiliyyətli əhali qrupuna daxil edilməsi hesabına baş vermişsə də, eyni zamanda təbii artım əmsallarının, xüsusən də doğum əmsalının azalması nəticəsində əhalinin qocalması prosesini xarakterizə edir [6, səh.15]. 2017-ci ildə isə kişilər və qadınlar üçün əməkqabiliyyətli yaş səviyyəsi 65 yaşadək artırılmışdır.
Hazırda Gəncə-Qazax iqtisadi rayonunda 86 979 nəfər 65 və yuxarı yaş həddində insan yaşayır ki, bu da BMT-nin demoqrafik təsnifat şkalasına görə “yaşlı” əhali hesab olunur [7]. İqtisadi rayonun hər 14 nəfərdən biri əməkqabiliyyətli yaşdan yuxarıdır və “yaşlı” hesab olunur.
Gəncə-Qazax iqtisadi rayonunda ölkəmizin əmək bazarında olduğu kimi kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın problemlərinə cavab vermir və bu problemlər həll edilməlidir. Müəyyən bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Bu səbəbdən Azərbaycana xaricdən əmək ehtiyatlarının axını baş verir. Düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb olur. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlığı daha böyük əhəmiyyət kəsb edir.
Ölkəmizin bəzi rayonlarında əmək ehtiyatlarının çatışmazlığı, digərlərin də isə artıqlığı müşahidə olunur. Əmək ehtiyatlarına demoqrafik vəziyyətin güclü təsiri mövcuddur. Ölkəmizdə ötən illər ərzində əhalinin artım sürəti azalmışdır. Bu səbəbdən respublikanın şəhər və kəndlərində əmək ehtiyatlarının sayı azalmışdır. Bəzən bölgələrdə layihələr həyata keçirilərkən inşaat, emal və ya istənilən digər sahələr üzrə kifayət qədər mütəxəssis tapmaq qeyri-mümkün olur. Bakı şəhəri daha çox inkişaf etdiyindən daxili miqrasiya şəraitində bacarıqlı kadr ehtiyatları daha çox paytaxta toplanmışdır. Yaxın gələcəkdə cəmiyyətin potensial göstəricisi olan mütəxəssislər yetişdirmək qarşıda duran ən kəskin problemlərdən biri olacaqdır

Zülfüqar Məhərrəmov
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
Samux Rayon Statistika İdarəsi, aparıcı məsləhətçi
AZ 5100, Samux şəhəri, Heydər Əliyev prospekti 44
e-poçt: zulfubey@mail.ru

Keçidlər