Samuxda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib
“Heydər Əliyev ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 31 illiyi münasibətilə Samuxda ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilib.
Samux Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan iməcilik zamanı rayonun küçə və prospektlərində, park və istirahət bağlarında səliqə-səhman yaradılıb, səki kənarlarının, işıq dirəklərinin yuyulması işləri həyata keçirilib, yaşıllıqlara qulluq göstərilib, qurumuş ağaclar və gül kolları yenisi ilə əvəz edilib.
İməcilikdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, sakinlər və gənclər iştirak edib.
Eyni zamanda, rayon ərazisində rayonun bütün şəhər, qəsəbə və kəndlərini əhatə edən genişmiqyaslı ağacəkmə aksiyası keçirilib, rayon üzrə 25 min ədədi tut tingi olmaqla ümumilikdə 30 minədək ağac əkilib.
Tut tinglərinin əkilməsində məqsəd “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq baramaçılığın rayonda inkişaf etdirilməsi üçün yem bazasının genişləndirilməsidir.
Qeyd edək ki, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Bu gün də bu siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.