Vətən müharibəsi şəhidi Bəylərov Seymur Səlyəddin oğlunun əziz xatirəsi şəhadətinin ildönümündə böyük ehtiramla yad edilib.
28 sentyabr 2024-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Samux bölməsinin əməkdaşı, şəhidin valideynləri, dostları, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Məktəblilər şəhidlər haqqında şeirlər deyiblər.
Samux rayon Qarayeri qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Bəylərov Seymur Səlyəddin oğlunun il dönümündə şəhidin adına tikilmiş ehsan bulağının açılışı olub. Tədbirdə çıxış edən dövlət rəsmiləri bildirdilər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub.
Bəylərov Seymur Səlyəddin oğlu 24 aprel 1996-cı il tarixdə anadan olub. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı 29 sentyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olub. Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Subay idi. Əslən Kəlbəcərli olan şəhidimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.