“Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda Samux rayon Qarayeri qəsəbə 2 saylı orta məktəbdə tədbir keçirdi.
18 aprel 2023-cü il tarixdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası Polis şöbəsinin əməkdaşları ilə birlikdə “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda Samux rayon Qarayeri qəsəbə 2 saylı orta məktəbdə tədbir keçirdi. Samux Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov çıxışında rayonun ümumtəhsil məktəblərində təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının,onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının,bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğuladı.
Daha sonra şagirdlərin dərsdən yayınma səbəbləri müzakirə olundu. Şagirdlərlə maarifləndirici söhbət aparıldı. Şagirdlərin dərsdən yayınmasına səbəb olan bir sıra problemlərin həlli istiqamətində təkliflər irəli sürüldü, şagirdlərin təhsilə cəlb edilməsi istiqamətində əməli tədbirlər həyata keçirildi. Samux Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov bir qrup aztəminatlı ailəyə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq yardımlar edildiyini bildirdi və sözügedən məktəblərin şagirdlərinin dərsə davamiyyətinin daim nəzarətdə saxlanılacağını vurğuladı.
Samux rayon Polis şöbəsinin Şəxsi Heyətinin işləri üzrə rəis köməkçisi polis polkovnik-leytenantı Arzu Məmmədov da çıxışında rayonda və kəndlərdə erkən nikah hallarının aşkarlanması istiqamətində əldə olunmuş statistik məlumata görə erkən nikaha sövq edilən qızların mütləq əksəriyyətinin təhsildən yayınan qız uşaqları olduğunu qeyd etdi və bu səbəbdən də şəhər və kənd bələdiyyələrinin nəzdində fəaliyyət göstərən yerli monitorinq qruplarının fəaliyyətinin sürətlənməsini bildirdi.