Samuxda yeni tədris ilinin başlanması münasibətilə şəhid övladları ilə görüş keçirilib
Samuxda yeni tədris ilinin başlanması münasibətilə şəhid övladları ilə görüş keçirilib
Samux Rayon İcra Hakimiyyətində yeni tədris ilinin başlanması münasibətilə şəhid övladları ilə görüş keçirilib.
Görüşdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, şəhid övladları və İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.
Görüşdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara dərslərində uğurlar, yüksək nailiyyətlər və sağlam gələcək arzulayıb. Rayon rəhbəri bildirib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın göstərdiyi şücaət və fədakarlıqları gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Firdovsi Əliyev vurğulayıb ki, şəhid övladlarının yüksək təhsil alması, hərtərəfli inkişaf etməsi və cəmiyyətə layiqli vətəndaş kimi yetişməsi dövlətimizin və cəmiyyətimizin əsas diqqət mərkəzində olan məsələlərdəndir. Şəhidlərimizin həyat yolu və Vətən uğrunda göstərdikləri qəhrəmanlıq nümunəsinin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını qeyd edən rayon rəhbəri şəhid övladlarının da atalarının müqəddəs amallarına sadiq qalaraq Vətənə layiqli övladlar kimi yetişəcəklərinə əminliyini ifadə edib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı davamlı xarakter daşıyır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələrinin sosial-məişət problemlərinin həlli, onların rifahının yüksəldilməsi, şəhid övladlarının təhsil və digər ehtiyaclarının qarşılanması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, şəhid ailələrinin hər bir müraciəti diqqətlə dinlənilir və qarşılaşdıqları məsələlərin həlli istiqamətində imkanlar daxilində zəruri tədbirlər görülür. Şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır, onların problemlərinə həssaslıqla yanaşılır.
Səmimi şəraitdə keçən görüş zamanı şəhid övladları öz arzularını və təəssüratlarını bölüşüblər. Onların təhsil, gələcək arzuları və qarşıya qoyduqları məqsədlərlə maraqlanan rayon rəhbəri uşaqlara daim savadlı, vətənpərvər və məsuliyyətli olmağı, yaxşı təhsil almağı və gələcəkdə Vətənə layiqli vətəndaş kimi xidmət etməyi tövsiyə edib.
Dövlət qayğısını hər zaman hiss etdiklərini bildirən şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonda yeni tədris ilinin başlanması münasibətilə şəhid övladlarına Samux Rayon İcra Hakimiyyəti tərəfindən məktəbli formaları təqdim olunub. Görüş xoş və səmimi söhbətlərlə davam edib.






