Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyasının müasir dövlətçilik tariximizdə yeri və rolu” mövzusunda tədbir keçirilib

20 noyabr 2026 | 15:59

Samuxda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyasının müasir dövlətçilik tariximizdə yeri və rolu” mövzusunda tədbir keçirilib

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, YAP Samux rayon təşkilatının əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirin rəsmi hissəsindən əvvəl tədbir iştirakçıları müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə, keçdiyi inkişaf yoluna və ölkəmizin ictimai-siyasi həyatındakı roluna toxunub. Bildirib ki, 1992-ci il noyabrın 21-də xalqın tələbi və çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin qorunması, siyasi sabitliyin təmin edilməsi və milli maraqların müdafiəsi istiqamətində mühüm missiya həyata keçirib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan Partiya bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyaraq ölkəmizin tərəqqisinə, güclənməsinə və beynəlxalq nüfuzunun artmasına töhfələr verir. G.Bayramov, həmçinin YAP Samux rayon təşkilatının fəaliyyətindən, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığından və qarşıda duran vəzifələrdən bəhs edib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə təbrik edib. Partiyanın Azərbaycanın müasir dövlətçilik tarixindəki rolundan, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin əhəmiyyətindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlərdən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası dövlətçilik maraqlarına, milli həmrəyliyə və xalq-iqtidar birliyinə əsaslanan siyasi fəaliyyəti ilə ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur.

Daha sonra Samux Rayon Ağsaqqallar Şurasının sədri Bayram Qasımov, Qiyaslı kənd ərazi partiya təşkilatının sədri Günay Rzayeva və Sərkar UMM ərazi partiya təşkilatının üzvü Sevda Binnətova çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi zərurətindən, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən, Partiyanın keçdiyi inkişaf yolundan bəhs ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının müxtəlif nəsilləri birləşdirərək dövlətçilik ənənələrinin qorunmasına, milli maraqların müdafiəsinə və ölkənin inkişafına xidmət etdiyi vurğulanıb.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə və Partiyanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya üzvünə fəxri fərmanlar təqdim olunub. Partiyaya yeni qəbul edilmiş şəxslərə isə üzvlük vəsiqələri verilib.

Təltifetmə mərasimindən sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Tədbirin sonunda rayon mədəniyyət müəssisələrinin kollektivinin təqdimatında bədii hissə nümayiş olunub.

Keçidlər