Samuxda “XXI əsrin ilk Milli Qəhrəmanı İsgəndərov Eltun Xaləddin oğlunun doğum günü” keçirilib
Samux rayonunda “XXI əsrin ilk Milli Qəhrəmanı İsgəndərov Eltun Xaləddin oğlunun doğum günü” keçirildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanları,idarə müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
İlk öncə tədbir iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edərək üzərinə tər-qərənfillər düzdü.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qeyd etdi ki, 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, bir neçə döyüşçünü məhv etdikdən sonra döyüşün ağır yerində sərhəd pozucularının biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atdığını görən cəsur əsgər dərhal özünü qumbaranın üzərinə ataraq öz həyatı bahasına əsgər və zabitlərimizin həyatını xilas edib. Bəli həmin bu cəsur əsgər İsgəndərov Eltun Xaləddin oğludur. O bu hərəkəti ilə Azərbaycan oğullarının vətən uğrunda lazım gələrsə canlarından keçə biləcəyini sübut edərək gənc nəsillərə nümunə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti əsgərimizin göstərdiyi bu şücaəti nəzərə alaraq 25.06.2009-cu il tarixli 349 saylı Sərəncamı ilə İsgəndərov Eltun Xaləddin oğluna ölümündən sonra Milli Qəhrəman adını vermişdir. Tədbirdə iştirak edən Xaləddin İsgəndərov oğlunun göstərmiş olduğu qəhrəmanlıqlar ilə fəxr etdiyini və Azərbaycanımızda Eltun kimi vətənpərvər oğlanların sayının on minlərlə, yüz minlərlə olduğunu vurğuladı, göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.
Daha sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin zabitləri qəhrəmanımızın şərəfli xitmətindən danışaraq qeyd etdi ki, bu gün Eltun İsgəndərovun qəhrəmanlığı gənclərimiz üçün ən böyük bir örnəkdir. Daha sonra şagirdlər vətənpərvərliklə bağlı şeirlər dedilər.
Allah Qəhrəmanımız Eltun İsgəndərovla birgə vətən yolunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!