Samuxda Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə “Heydər Əliyev işığı daim bizimlədir” başlığı altında növbəti tədbir keçirildi.
Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyev ili” çərçivəsində YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında “Heydər Əliyev işığı daim bizimlədir” başlığı altında keçirilən silsilə tədbirlər davam etdirilir.
29 mart 2023-cü il tarixdə YAP Samux rayon təşkilatının Sərkar kəndində yerləşən ərazi partiya təşkilatlarının birgə təşkilatçılığı ilə Sərkar orta məktəb ərazi partiya təşkilatında tədbir keçirildi. Tədbirdə Sərkar kənd, Sərkar Tam Orta Məktəb, Sərkar Uşaq Musiqi Məktəbi ərazi partiya təşkilatlarının YAP üzvləri iştirak edirdilər. Tədbirə Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və aparat əməkdaşları dəvət edilmişlər.
Əvvəlcə müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərib. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir”.
Tədbirdə iştirak edən Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev çıxış edərək qeyd edib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
Sonra tədbirdə iştirak edən ərazi partiya təşkilat sədrləri və partiya fəalları çıxış edərək qeyd ediblər ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən ulu öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olub. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.
Sonra tədbir Sərkar Uşaq Musiqi Məktəbinin kollektivinin ifasında konsert proqramı ilə davam etdirilib.