Samuxda şəhidin qırx mərasimi keçirilib
Samuxda şəhidin qırx mərasimi keçirilib
31 oktyabr 2023-cü il tarixində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan Samux rayon Qovlarsarı kəndindən olan, leytenant Məmmədov Fizuli Bəhruz oğlunun qırx mərasimində iştirak edib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, şəhidin ailəsi, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhidin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, şəhidin keçdiyi qısa, lakin şərəfli ömür yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs edilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verərək ona Allahdan rəhmət diləyib. Vətən uğrunda canından keçmiş şəhidləri xalqımızın heç zaman unutmayacağını, onların daim bizim qəlbimizdə yaşayacağını bildirib.
Şəhidin doğmaları göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan leytenant Məmmədov Fizuli Bəhruz oğlu 5 aprel 1989-cu il tarixində Samux rayonunun Qovlarsarı kəndində anadan olub. Ailəlidir, iki qız övladı var. 22 sentyabr 2023-cü il tarixində Samux rayonunun Qovlarsarı kənd qəbristanlığında dəfn edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!