Samuxda şəhid Məmmədov Fizuli Bəhruz oğlunun əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edilib
Samux rayonu Qovlarsarı kəndindən olan, Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan leytenant Məmmədov Fizuli Bəhruz oğlunun əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı, həmçinin hüquq-mühafizə orqanları, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, şəhidin valideynləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və yaxınları iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsürratlarını bölüşdülər. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlikdən bəhs edən şeirlər dedilər. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhid ailələrinin diqqət mərkəzində saxlanılmasıdır. Məmmədov Fizuli Bəhruz oğlu Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı döyüşlərdə qəhrəmancasına şəhid olub. Samux rayonunun Qovlarsarı kənd qəbristanlığında dəfn edilib. Ailəli idi, iki qız övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə, o cümlədən daha öncə isə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.