Samuxda şəhid ailələri və qazilər ilə görüş keçirilib
44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatı şəhidlərinin ailələri, qazilər ilə Samux rayonunun Seyidlər kəndinin 200 ailəlik yeni yaşayış məhəlləsində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin görüşü keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Görüş zamanı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid valideynləri və qazilər qarşısında çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, şəhidlərimizin və qazilərimizin döyüşlər zamanı göstərdiyi şücaətlərdən danışıb. Şəhid valideynləri və qaziləri maraqlandıran suallara cavab verib.
Tədbirdə çıxış edən şəhid valideynləri və qazilər dövlətin onlara göstərdiyi diqqət və qayğının yüksək səviyyədə olduğunu qeyd edərək ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra 200 ailəlik yeni yaşayış məhəlləsində yeni tikilmiş uşaq bağçasına baxış keçirilib və uşaqlar üçün yaradılmış şəraitlə yaxından tanış olunaraq aidiyyəti xidmət təşkilatlarına müvafiq göstərişlər verilib.
Qeyd edək ki, Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq ölkənin bütün rayon və şəhərlərində olduğu kimi Samux rayonunda da şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır.