Samuxda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda Samux rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşı Tutu Rüstəmova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Rayon Uşaq və Ailələrə Dəstək mərkəzinin direktoru Sənəm Alxasova, İctimai-səhiyyə İslahatlar mərkəzinin həkim-metodisti Zümrüd Kazımova, rayonun qadın sakinləri iştirak ediblər.
Tədbirdə kənd və qəsəbələrdə yerləşən təhsil ocaqlarında gənc və yeniyetmələrin reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, onlarda ailə məsuliyyətinin formalaşdırılması, ailə planlaşdırılması və digər mövzular ətrafında maarifləndirici söhbətlər aparıldı.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Tutu Rüstəmova tədbir iştirakçılarını salamlamış, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirmişdir.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sənəm Alxasova çıxış edərək, dövlət-ailə siyasətinin dəstəklənməsi istiqamətində Komitənin fəaliyyəti, ailələri narahat edən problemlər və onların həlli istiqamətində görülmüş işlərdən danışmış, ailə zorakılığı, erkən nikah, insan alveri, qan qohumluğunun fəsadları barəsində məlumat vermişdir.
Daha sonra çıxış edən İctimai-Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda təqdimatla çıxış etmişdir. O, sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə(narkomaniya,alkoqolizm,siqaret), QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində əhalinin maarifləndirilməsi, gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahların fəsadları barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.
Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunmuşdur.