Samuxda Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib
Samux rayonunda Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib. Şənlik Samux şəhəri, Heydər Əliyev prospektində yeni salınmış istirahət parkında Samux Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib.
Tədbirdə Samux RİH-nin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Firdovsi Əliyev şənlik iştirakçılarını Azərbaycan xalqının uzaq qədim zamanlardan bu günədək sevə-sevə qeyd etdiyi Novruz bayramı münasibəti ilə təbrik edib. Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb və sonra bayramın rəmzi Novruz tonqalını alovlandırıb. Milli geyimli uşaqlar tonqalın ətrafında halay vurublar. Rayon rəhbəri hər bir kollektivə yaxınlaşaraq bayram münasibəti ilə təşkil edilmiş süfrələrlə tanış olub və onları bayram münasibəti ilə bir daha təbrik edib.
Şənlik rayon uşaq musiqi məktəblərinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdirilib.