Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda kənd təsərrüfatının inkişafına dair 2026-2030-cu illəri əhatə edən İş Planının hazırlanması ilə bağlı müşavirə keçirilib

23 iyul 2026 | 16:35

Samuxda kənd təsərrüfatının inkişafına dair 2026-2030-cu illəri əhatə edən İş Planının hazırlanması ilə bağlı müşavirə keçirilib

Samux Rayon İcra Hakimiyyətində “2026–2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planı”nın hazırlanmasına həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, fermerlər, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində aqrar sahənin inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrası, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr ətrafında geniş müzakirələr aparılıb.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxışında qeyd edib ki, ölkə başçısının rəhbərliyi ilə aqrar sahənin davamlı inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasəti kənd təsərrüfatının müasir tələblər əsasında inkişafına, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, istehsalın və emal sənayesinin genişləndirilməsinə mühüm töhfə verir. Bildirilib ki, qəbul olunmuş Dövlət Proqramı kənd təsərrüfatının bütün istiqamətləri üzrə yeni inkişaf mərhələsinin formalaşdırılmasına xidmət edən mühüm strateji sənəddir.
Firdovsi Əliyev vurğulayıb ki, Samux rayonunda hazırlanacaq 2026–2030-cu illəri əhatə edən İş Planı Dövlət Proqramında müəyyən edilmiş prioritetlərə uyğun şəkildə formalaşdırılmalı, rayonun mövcud aqrar potensialı, təbii-iqlim şəraiti, torpaq və su ehtiyatları, istehsal imkanları və statistik göstəricilər əsasında konkret hədəfləri özündə əks etdirməlidir.
İcra başçısı bildirib ki, hər bir istiqamət üzrə görüləcək tədbirlər təsərrüfat subyektlərinin real imkanları nəzərə alınmaqla planlaşdırılmalı, istehsalın səmərəliliyinin yüksəldilməsi, emal müəssisələrinin inkişafı, innovativ texnologiyaların tətbiqi, aqrar sahədə rəqabətqabiliyyətliliyin və ixrac potensialının artırılması, həmçinin kənd yerlərində məşğulluğun genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilməlidir.

Müşavirədə Dövlət Proqramından irəli gələn tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin olunması, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, yerli icra strukturlarının məsuliyyətinin artırılması, dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi və fermerlərlə, sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Eyni zamanda, rayon üzrə hazırlanacaq İş Planında kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi, suvarma infrastrukturunun təkmilləşdirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, eləcə də heyvandarlıq, bağçılıq, taxılçılıq, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair konkret tədbirlərin öz əksini tapmasının vacibliyi qeyd olunub.

Sonda müzakirəyə çıxarılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, İş Planının hazırlanması və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Keçidlər