Samuxda “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə Komissiya”nın növbəti iclası keçirilib.
Samuxda “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə Komissiya”nın növbəti iclası keçirilib.
İclasda Samux Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Elmar Qarayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin regional şöbəsinin rəhbər heyəti, BP Azərbaycan şirkətinin regionda istismar əməliyyatları üzrə təhlükəsizlik müşaviri Əbdülqadir Hüseynli və Komissiyanın üzvləri iştirak ediblər.
Samux Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə Komissiya Samux rayonu ərazisindən keçən kəmərlərin təhlükəsizliyinin qorunmasını prioritet vəzifə kimi müəyyənləşdirib.
İclasda çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Elmar Qarayev bildirib ki, İxrac Neft və Qaz Boru Kəmərlərinin təhlükəsizliyi Azərbaycanın digər ərazilərində olduğu kimi, Samux rayonu ərazisində də yüksək səviyyədə qorunur: “Komissiyanın apardığı işlər nəticəsində kəmərboyu ərazilərdə yaşayan əhali həmin boru xətləri barədə lazımi biliklərə malikdir. Hər bir Samux sakini bilir ki, kəmərlərin təhlükəsizliyinin təmin edilməsində onların da üzərinə müəyyən vəzifələr düşür”.
İclasda çıxış edən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir regional şöbəsinin rəisi Ramin İsmayılov bildirib ki, kəmərlərə və onların fəaliyyətinə əsassız maraq göstərən şəxslər, istirahət, ovçuluq və balıqçılıq məqsədilə “dəhliz” adlanan əraziyə gələnlər sakinlərin diqqətindən heç vaxt yayınmamalıdır. O qeyd edib ki, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində aidiyyəti qurumlara köməklik göstərilməlidir.
BP Azərbaycan şirkətinin regionda istismar əməliyyatları üzrə təhlükəsizlik müşaviri Əbdülqadir Hüseynli də çıxış edərək bildirib ki, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət qurumları ilə BP Azərbaycan şirkəti arasında səmərəli əməkdaşlıq mövcuddur. O qeyd edib ki, kəmərlərin keçdiyi ərazilərdə təhlükəsizlik qaydalarına ciddi əməl olunması, yerli əhali arasında maarifləndirmə işlərinin aparılması və aidiyyəti qurumlarla qarşılıqlı koordinasiyanın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Əbdülqadir Hüseynli vurğulayıb ki, boru kəmərlərinin təhlükəsiz istismarı üçün qabaqlayıcı tədbirlərin davamlı şəkildə həyata keçirilməsi əsas prioritetlərdən biridir.
Digər çıxışlarda isə ixrac boru kəmərlərinin Samuxdan keçən hissəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, həmçinin mövcud ixrac boru kəmərlərinin keçdiyi ərazilərdə yaşayan yerli əhalinin dəstəyinin formalaşdırılması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılması barədə fikir mübadiləsi aparılıb.






