Samuxda “İnsan alveri ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
03 aprel 2023 | 09:48
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamının 4.4.2-ci bəndinin icrası ilə əlaqədar olaraq 29.03.2023-cü il tarixdə Samux rayon Qovlarsarı kənd tam orta məktəbində “İnsan alveri ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin müavini-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Kəmalə Xəlilova rayonda insan alveri ilə bağlı həyata keçirilən tədbirlər haqqında geniş məlumat verərək, bu istiqamətdə müxtəlif qurumların birgə fəaliyyətinin vacib olduğunu bildirdi.
Tədbirdə Polis polkovnik-leytenantı Arzu Məmmədov çıxışı zamanı bildirdi ki, insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan insan alveri cinayətinin qarşısının alınması istiqamətində müntəzəm olaraq hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərin əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, insan alveri ilə mübarizədə dövlət qurumlarının işinin səmərəliliyinin artırılmasına müsbət töhfə verdiyini qeyd etdi.
Dini Qurumlarla iş üzrə komitənin Samux rayon üzrə nümayəndəsi Rövşən Hacıyev çıxışında xüsusi risk qrupuna aid olan ailələrin daim inzibati ərazi dairələri üzrə nümayəndələr tərəfindən nəzarətdə saxlanılmasının vacibliyini bildirdi.
Tədbirdə çıxış edən Qovlarsarı kənd tam orta məktəbinin direktoru Ramilə Aslanova, gənclər arasında insan alveri ilə mübarizə məqsədilə hüquqi maariflənmənin əhəmiyyətindən danışdı.
Tədbirdə iştirak edən müəllimlər və valideynlər tərəfindən mövzu ilə bağlı təkliflər irəli sürülərək, müzakirələr aparıldı,verilmiş suallar cavablandırıldı.