Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Şəxsiyyət və zaman” adlı tədbir keçirilib.

08 may 2023 | 12:24
Samux rayon Nizami Gəncəvi adına Sərkar kənd tam orta məktəbdə Samux Rayon İcra Hakimiyyəti, Uşaq Gənclər İnkişaf Mərkəzi və Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Şəxsiyyət və zaman” adlı tədbir keçirilib.
Tədbirdə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova,İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri,məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, eləcə də müəllim və valideynlər iştirak ediblər. Tədbirdən öncə Ümummilli Liderin xatirəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Nizami Gəncəvi adına Sərkar kənd tam orta məktəbdə keçirilən tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev qonaqları salamlayaraq Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib. Təhsil İdarəsinin müdiri Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin təbliğinin şagirdlərin müvafiq biliklərinin daha da zənginləşdirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edib.Həmçinin K.Xəlilova bildirib ki, dahi liderin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində təhsil sahəsində böyük nailiyyətlər əldə olunub.
Sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Keçidlər