Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 8 Noyabr - Zəfər Günü qeyd edilib

08 noyabr 2023 | 19:07

Samuxda 8 Noyabr- Zəfər Günü qeyd edilib
8 Noyabr–Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Samux rayonunda ümumrayon tədbiri keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev,Milli Məclisin deputatı Nizami Səfərov, Milli Qəhrəman Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsinə ucaldılmış Samux Şəhidləri Kompleksi ziyarət edilib, üzərinə gül dəstələri düzülüb və Şəhidlərimizin ruhuna dualar oxunub.
8 Noyabr–Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar məktəblilərdən ibarət “Şahin” hərbi-idman komandalarının Azərbaycan bayraqları ilə birlikdə hərbi yürüşü keçirilib.
Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Samux şəhər Heydər Əliyev Mərkəzində məktəblilərin Zəfər Gününə həsr etdikləri rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə “Tarixi Zəfər” mövzusunda çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qeyd edib ki, Müasir Azərbaycan dövləti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır.
Milli Məclisin deputatı Nizami Səfərov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Digər çıxış edən natiqlər də Qalib xalqımızın dövlət başçımızın ətrafında sıx birləşərək bütün dünyaya öz gücümüzün, mətinliyimizin və mübarizliyimizin nümayiş etdirildiyini vurğulayıblar.
Daha sonra bayram konserti təşkil edilib. Bir-birindən rəngarəng hərbi-vətənpərvərlik mahnıları tədbirə toplaşanlara xoş ovqat bəxş edib.
Konsertin sonunda atəşfəşanlıq olub.

Keçidlər