Samuxda 44 günlük Vətən Müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib.
08 avqust 2023 | 15:54
44 günlük Vətən Müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən Müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun doğum günü ilə bağlı Samux rayonunun Əhmədbəyli kənd qəbirstanlığındakı məzarı başında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.
Mərasimdə Şəhidimizin ailə üzvləri, Samux Rayon İcra Hakimiyyəti , məktəb direktorları və kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
Mürsəlzadə Elməddin Cəsur oğlu 07 avqust 2000-ci il tarixdə Samux rayon Əhmədbəyli kəndində anadan olmuşdur. Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin məzunudur. 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində qiyabi təhsil alırdı. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. 17 oktyabr 2020-ci ildə Samux rayon Əhmədbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" , “Cəbrayılın azad olunmasına görə” və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.