Samux rayonunun Qarayeri qəsəbəsində səyyar qəbul keçirilib
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, yerli hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə növbəti səyyar qəbulunu Qarayeri qəsəbəsində keçirib.
Tədbir iştirakçıları ilk öncə Qarayeri qəsəbəsindən Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman oğulların məzarlarını ziyarət edib, şəhidlərin əziz xatirəsinə sonsuz ehtramlarını bildirib və məzarları üzərinə gül dəstələri düzüblər.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən müraciətlərin həll edilməsini müsbət hal kimi dəyərləndiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, uşaq bağçasının inşası və bir neçə fərdi müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qəsəbə sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.