Samux rayonunun Çobanabdallı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlunun əziz xatirəsi doğum günündə anılıb
Samux rayonunun Çobanabdallı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlunun əziz xatirəsi doğum günündə anıldı. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Çıxış edənlər Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlunun keçdiyi şərəfli döyüş yolundan, torpaqlarımızın işğaldan azad edilməsi zamanı döyüşlərdə göstərdiyi şücaətdən, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən danışdı. Qeyd edək ki, Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlu 08 iyul 1995-ci il tarixdə Samux rayon Çobanabdallı kəndində anadan olmuşdur. Samux rayon Qarabağlar kənd tam orta məktəbinin məzunudur. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Ali təhsilli idi. Samux rayon Çobanabdallı kənd tam orta məktəbinin direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışırdı. İxtisasca müəllim olan şəhid Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak etmişdir. 05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 28 noyabr 2020-ci il tarixdə Samux rayonunun Çobanabdallı kəndində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.