Samux rayonunda“1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə “həsr olunmuş maarifləndirici tədbir keçirilib.
01 mart 2023 | 15:30
Samux rayonunda“1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə “həsr olunmuş maarifləndirici tədbir keçirilib
Aztelekom MMC Qərb Regional Filialının Samux şöbəsində “1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə” həsr olunmuş nəzəri tədbir keçirilib. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin baş məsləhətçisi, Mülki Müdafiə işinin aparıcısı Hüseynli Asəf, FHN Gəncə Regional Mərkəzinin Mülki Müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin baş zabiti Məhərrəmov İlham və Aztelekom Samux şöbəsinin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Mülki Müdafiə işinin aparıcısı Hüseynli Asəf açaraq bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur. Bu gün münasibətilə mülki maarifləndirici tədbirlər keçirilir. Hazırda təşkilata dünyanın 50-dən çox ölkəsi daxildir. 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv seçilən Azərbaycan Respublikası bu mötəbər qurumla sıx əməkdaşlıq edir. Təşkilatın vəzifələri həm müasir dövrdə müharibələrin, həm də əmin-amanlıq dövründə güclü istehsalat qəzalarının və təbii fəlakətlərin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasıdır. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.
Tədbirdə FHN Gəncə Regional Mərkəzinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin baş zabiti Məhərrəmov İlham çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Məhərrəmov İlham 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətinə toxunub, dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin tarixində əvəzsiz rolundan danışıb. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə xüsusi diqqət və qayğı göstərib, ölkənin mülki müdafiə sisteminin təkmilləşdirilməsi və dinamik inkişafının təmin edilməsi qayğısına qalıb. Məhərrəmov İlham tədbir iştirakçıların nəzərinə çatdırıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin bir daha diqqətinin əsas vəzifəsi əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Qeyd edib ki, 1mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.