Samux rayonunda “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə halları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
10 fevral 2023 | 17:31
10.02.2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti və Samux Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Samux şəhər 2 saylı tam orta məktəbin akt zalında “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin,həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə,məişət zorakılığına məruz qalma,cinsi və əmək istismarına təhrik etmə halları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Samux RİHB-nın müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayon Polis şöbəsinin Şəxsi Heyətin işləri üzrə köməkçisi polis polkovnik-leytenantı Arzu Məmmədov, Kadr və Peşə Hazırlığı üzrə baş inspektoru,polis mayoru Mehman Həsənov,Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis mayoru İlqar Verdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, valideyinlər, məktəbin şagird və müəllim kollektivi iştirak etdilər.
Giriş sözü ilə tədbiri Samux RİHB-nın müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova açaraq bildirdi ki, bu gün yetkinlik yaşına çatmayan şəxslər tərəfindən cinayət hadisələrinin törədilməsi halllarına təəssüf ki, rast gəlinir. Onların əksəriyyəti öz hüquq və vəzifələrini bilmir, öz məsuliyyətlərini dərk etmirlər. Elə uşaqlar var ki, törətdiyi əməlin cinayət olduğunun belə fərqində olmur və hər hansı cinayəti törədərkən elə hesab edir ki, yaşı az olduğu üçün cinayət məsuliyyətinə cəlb olunmayacaq. Ona görə də belə halların qarşısının alınması üçün məktəblərdə psixoloqların iştirakı ilə maarifləndirmə işləri aparılmalıdır, onlara hüquq və vəzifələri, məsuliyyətləri izah olunmalıdır.
Samux rayon Polis şöbəsinin Şəxsi Heyətin işləri üzrə köməkçisi polis polkovnik-leytenantı Arzu Məmmədov çıxışında müasir dünyada qlobal problemlərdən biri olan uşaq əməyinin istismarının qarşısının alınması üçün təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyətindən danışdı, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdü, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdi.
Kadr və Peşə Hazırlığı üzrə baş inspektor,polis mayoru Mehman Həsənov isə çıxışında uşaqların cinsi istismar və ya seksual xarakterli hərəkətlər qurbanı olmaması üçün müvafiq dövlət qurumları tərəfindən ciddi şəkildə mübarizə aparıldığını, yaranan problemlərin aradan qaldırılması istiqamətində müxtəlif proflaktik tədbirlərin həyata keçirildiyini bildirdi. Bununla yanaşı yetkinlik yaşına çatmayanların təzyiqlərə,məişət zorakılığına məruz qalmaması üçün maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vaciblliyini vurğuladı.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.