Samux rayonunda “XXI əsrin ilk Milli Qəhrəmanı İsgəndərov Eltun Xaləddin oğlunun doğum günü” keçirildi.
Samux rayonunda “XXI əsrin ilk Milli Qəhrəmanı İsgəndərov Eltun Xaləddin oğlunun doğum günü” keçirildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquqmühafizə orqanları, rayonun imamı, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. İlk öncə tədbir iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edərək üzərinə tər-qərənfillər düzdü. Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev qeyd etdi ki, 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, bir neçə döyüşçünü məhv etdikdən sonra döyüşün ağır yerində sərhəd pozucularının biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atdığını görən cəsur əsgər dərhal özünü qumbaranın üzərinə ataraq öz həyatı bahasına əsgər və zabitlərimizin həyatını xilas edib. Bəli həmin bu cəsur əsgər İsgəndərov Eltun Xaləddin oğludur. O bu hərəkəti ilə Azərbaycan oğullarının vətən uğrunda lazım gələrsə canlarından keçə biləcəyini sübut edərək gənc nəsillərə nümunə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti əsgərimizin göstərdiyi bu şücaəti nəzərə alaraq 25.06.2009-cu il tarixli 349 saylı Sərəncamı ilə İsgəndərov Eltun Xaləddin oğluna ölümündən sonra Milli Qəhrəman adını vermişdir. Tədbirdə iştirak edən Xaləddin İsgəndərov oğlunun göstərmiş olduğu qəhrəmanlıqlar ilə fəxr etdiyini və Azərbaycanımızda Eltun kimi vətənpərvər oğlanların sayının on minlərlə, yüz minlərlə olduğunu vurğuladı və göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi .
Daha sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin zabitləri qəhrəmanımızın şərəfli xitmətindən danışaraq qeyd etdi ki, bu gün Eltun İsgəndərovun qəhrəmanlığı gənclərimiz üçün ən böyük bir örnəkdir. Daha sonra şagirdlər vətənpərvərliklə bağlı şeirlər dedilər. Tədbirdə iştirak edəndlər çay süfrəsinə dəvət olundular. Milli Qəhrəmanın yaşadığı evdə Milli Qəhrəmanın əziz xatirəsinə hərs olunmuş, İctimai Televiziya tərəfindən hazırlanmış “Heç kim unudulmur, heç kim yaddan çıxmır” adlı sənədli filmə baxıldı.
Allah Qəhrəmanımız Eltun İsgəndərovla birgə vətən yolunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!