Samux rayonunda Vətən müharibəsi şəhidinin şəhadətinin üçüncü ildönümü qeyd olunub
Samux rayonunda Vətən müharibəsi şəhidinin şəhadətinin üçüncü ildönümü qeyd olunub
Samux rayonunun Sarıqamış kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Nuriyev Əfqan Rövşən oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq 4 noyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsinin şəhidi Nuriyev Əfqan Rövşən oğlunun şəhadətinin ildönümündə iştirak edib. Şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Vətən müharibəsi şəhidi Nuriyev Əfqan Rövşən oğlu 11 aprel 1997-ci il tarixdə Samux rayonunun Sarıqamış kəndində anadan olub. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq səfərbərlik üzrə hərbi xidmətə yollanıb. Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak edib. 3 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 4 noyabr 2020-ci il tarixdə Samux rayon Sarıqamış kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Əfqan Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.