Samux rayonunda Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun şəhadətinin üçüncü ildönümü qeyd olunub
Samux rayonunda Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun şəhadətinin üçüncü ildönümü qeyd olunub
Samux rayonunun Seyidlər kəndində müvəqqəti məskunlaşmış, Kəlbəcər rayon qeydiyyatı olan, 44 günlük Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib.
06 noyabr 2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun şəhadətinin ildönümündə iştirak edib.
Şəhidin ailəsi və yaxınları, müharibə iştirakçıları, rayon ictimaiyyəti və məktəb şagirdlərinin də iştirakı ilə şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın 22 Avqust 1989-cu il tarixdə Rusiyanın Krasnodar şəhərində doğulub. Samux rayon Seyidlər kənd tam orta məktəbinin məzunudur. Şəhid torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan bir çox döyüşlərdə iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. 05 noyabrın 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Samux rayonunun Seyidlər kənd qəbristanlığında dəfn edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.