Samux rayonunda sahibkarlarla görüş keçirilib, aidiyyəti problemlər yerində həll olunub
Samux Rayon İcra Hakimiyyətində rayon sahibkarları ilə görüş keçirilib, qarşılıqlı dialoq formatında keçən görüş zamanı sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandılıb, qarşıya çıxan aidiyyəti problemlər yerindəcə həll olunub. Sahibkarlara çətinlik yaradan məsələlərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev öz çıxışında sahibkarlıq subyektlərinin fəaliyyətinin motivasiya olunması ilə rayon iqtisadiyyatının daha da inkişaf etdirilməsini növbəti hədəf olaraq qarşıya qoyulduğunu, belə görüşlərin davamlı xarakter daşıyacağını bildirib.
F.Əliyev rayonda aparılan abadlıq və quruculuq işləri barədə sahibkarlara məlumat verərək qeyd edib ki, regionların dayanıqlı inkişafı istiqamətində dövlət başçısı İlham Əliyevin ölkədə milli sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı gördüyü işlər Samux rayonunda da özəl sektorun dinamik inkişafına güclü təkan verib.
İcra başçısı “Heydər Əliyev İli” nə töhfə olaraq, rayonda aqroturizm fəaliyyətinin yaradılması məqsədilə xüsusi layihə hazırlandığını, yaşıllaşdırma və ətraf mühitin mühafizəsi sahəsində əməli tədbirlərin davam etidiriləcəyini diqqətə çatdırıb.
Çıxış edən sahibkarlar yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, onların fəaliyyətlərinin daha da genişləndirilməsinə köməklik göstərilməsi istiqamətində atılan addımları və əməli köməyi yüksək qiymətləndiriblər.