Samux rayonunda payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunub
Samux rayonunda payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunub
Samux Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında Şura üzvləri, aidiyyəti üzrə məsul şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Firdovsi Əliyev giriş nitqində Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, xalqımızın firəvanlığı naminə yürütdüyü daxili və xarici siyasətdən, eləcə də Samux rayonunda icra olunan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, sosial infrastruktur layihələrdən bəhs edib. Sonra gündəlikdə duran məsələləri səsləndirib, payız-qış mövsümünün tədbirlər planına uyğun olaraq problemsiz başa çatdırılması üçün bütün zəruri işlərin vaxtında icra edilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra söz məruzəçilərə verilib. Çıxış edən məsul şəxslərin məruzələri dinlənildikdən sonra RİH başçısı avtomobil yollarındakı su ötürücü boruların giriş-çıxışlarının, körpülər yerləşən sahədə çayların məcrasının təmizlənməsinə, yollarda sürüşkənliklərin ləğv edilməsi üçün duz və qum materialı ehtiyatının görülməsi, o cümlədən Samux Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi üzrə çoxmənzilli yaşayış binalarının tüstü və havalandırıcı şaxtalarında zəruri təmizlənməsi işlərinin aparılması, Rayon Mərkəzi Xəstəxanasının binasının, rayonun ümumtəhsil müəssisələrinin və digər bu kimi vacib kateqoriyalı binaların isidilməsini təmin edən qazanxanaların saz vəziyyətə gətirilməsinə dair vacib tapşırıq və tövsiyələrini verib.
Müzakirə olunan məsələlə dair Şuranın müvafiq qərarları qəbul olunub.






