Samux rayonunda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda dəyirmi masa keçirilmişdir.
19 dekabr 2022 | 17:15
Samux rayonunda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda dəyirmi masa keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda dəyirmi masa keçirilmiş və Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova, rayon ziyalıları və Qeyri Hökümət Təşkilatları iştirak etmişlər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasında həyata keçirilən təsirli tədbirlərə baxmayaraq, məişət zorakılığı dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də problem olaraq qalmaqdadır. Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması və məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılması tələb olunur. Respublikanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunmuş, Prezident İlham Əliyevin dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət Zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmiş və bir çox istiqamətdə tədbirlər həyata keçirilir. Daha sonra çıxış edənlər qeyd ediblər ki, hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Qeyd etmək lazımdır ki, məişət zorakılığı ailədə böyüyən boya başa çatan uşaqların tərbiyəsinə, psixologiyasına, sağlam düşüncə tərzinin formalaşmasına mənfi təsir göstərir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Natiqlər məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində hər zaman ən mühüm prioritetlərdən biri olduğunu qeyd ediblər.