Samux rayonunda "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusu müzakirə edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayon Yuxari Ağasıbəyli kənd tam orta məktəbdə "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Polis idarəsinin nümayəndəsi İlqar Verdiyev, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı qlobal təhlükəyə çevrilən dini radikalizmlə mübarizənin prioritet məsələ olduğu qeyd edilib. Gənclərin dini radikalizmin təsirlərindən qorunmasının zəruriliyi nəzərə alınmaqla, maarifləndirici tədbirlərin keçirilməsinin səmərəli olduğu vurğulanıb. Həmçinin vurğulanıb ki, dini radikalizmin əsas qurbanları yeniyetmə və gənclər olduğuna görə maarifləndirmə tədbirlərinə bu yaş qrupundan insanların cəlb olunmasına xüsusi diqqət yetirilməlidir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.