Samux rayonunda “Azərbaycan qadını və Heydər Əliyev siyasəti” mövzusunda növbəti tədbir keçirildi.
05 oktyabr 2023 | 17:06
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Azərbaycan Qadınlarının VI Qurultayına hazırlıq məqsədi ilə Samux rayonunda “Azərbaycan qadını və Heydər Əliyev siyasəti” mövzusunda növbəti tədbir keçirildi. Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sərkar kənd tam orta məktəbində keçirilən tədbirdə rayonun müxtəlif idarə, müəssisə, təşkilatlarında çalışan qadınlarla bərabər kəndlərdən dəvət olunmuş evdar xanımlar da iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Samux RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova çıxış edərək, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən daha da uğurla davam etdirilməsindən bəhs etdi. Ölkə başçısı tərəfindən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsinin Azərbaycan qadınına verilən yüksək dəyərin bariz nümunəsi olduğunu diqqətə çatdıran Kəmalə Xəlilova, Samux rayonunda qadınların müxtəlif sahələrdə fəal təmsil olunduqlarını bir daha vurğuladı.
Daha sonra Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi Tutu Rüstəmova çıxış edərək ölkəmizin siyasi həyatında qadınların mühüm rolundan, Azərbaycanda Qadın Qurultaylarının keçirilməsinin məhz Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olmasından bəhs etdi.
Sərkar kənd tam orta məktəbin direktoru Afaq Möyləyeva isə çıxışında Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərindən, ölkəmizdə qadınlara verilən yüksək dəyərdən, cəmiyyətdə və ailədə qadının əvəzolunmaz əməyindən danışdı.
Tədbirdə erkən və qohum nikahların fəsadları, təhsildənyayınma hallarına qarşı mübarizə, məişət zorakılığı ilə mübarizə üsulları və.s. məsələlər haqqında fikir mübadiləsi aparıldı. Sonda Azərbaycan Qadınlarının VI Qurultayına təqdim etmək üçün edilən təkliflər dinlənildi.