Samux rayonunda 8 Noyabr – Zəfər Günü münasibəti ilə silsilə tədbirlər davam etdirilir
Samux rayonunda 8 Noyabr – Zəfər Günü münasibəti ilə silsilə tədbirlər davam etdirilir
Vətən müharibəsinin üçüncü ildönümü ilə əlaqədar Samux rayonunda silsilə tədbirlər çərçivəsində Qarayeri qəsəbə Uşaq Musiqi məktəbində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Möhtəşəm qələbəmiz tariximizin zəfər səlnaməsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məftun Yusifov, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova çıxışı zamanı bildirib ki, bu gün ölkə Prezidenti İlham Əliyevin Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunub. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.
Çıxış edən digər natiqlər, şəhid ailələrinin üzvləri, qazilər və başqaları Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, bu Zəfəri bizə yaşadan, öz canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını hər zaman hiss etdiklərini bildiriblər.
Daha sonra tədbir Zəfər gününə həsr olunmuş konsert proqramı və rəqs kompozisiyaları ilə davam edib.