Samux rayonunda 44 günlük Vətən müharibəsi şəhidinin şəhadətinin il dönümü keçirildi.
Samux rayonunda 44 günlük Vətən müharibəsi şəhidinin şəhadətinin il dönümü keçirildi.
Samux rayonunun Çobanabdallı kəndindən olan 44 günlük Vətən müharibəsinin şəhidi Məmmədli Həsən Qəhrəman oğlunun ildönümü qeyd edildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və hüquq-mühafizə orqanları, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Çıxış edənlər Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlunun keçdiyi şərəfli döyüş yolundan, torpaqlarımızın işğaldan azad edilməsi zamanı döyüşlərdə göstərdiyi şücaətdən, 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışdı . Şagirdlər Vətən müharibəsindən, Azərbaycan Ordusunun şanlı zəfərindən bəhs edən vətənpərvər şeirlər söylədilər. Qeyd edək ki, Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlu 08 iyul 1995-ci il tarixdə Samux rayon Çobanabdallı kəndində anadan olmuşdur. Samux rayon Qarabağlar kənd tam orta məktəbinin məzunudur. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Ali təhsilli idi. Samux rayon Çobanabdallı kənd tam orta məktəbinin direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışırdı. İxtisasca müəllim olan şəhid Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak etmişdir. 05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 28 noyabr 2020-ci il tarixdə Samux rayonunun Çobanabdallı kəndində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.