Samux rayonunda 44 günlük Vətən müharibəsi şəhidinin əziz xatirəsi doğum günündə böyük ehtiramla anıldı.
07 may 2024-ci il tarixində Samux rayonu Qovlarsarı kəndindən olan və Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilən 44 günlük Vətən müharibəsi şəhidi Namazov Elməddin Nəsib oğlunun məzarı və ailəsi ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, şəhidimizin ailəsi, yaxınları, təhsil aldığı məktəbin müəllim kollektivi, rayon ictimaiyyəti etdi. Ziyarət zamanı şəhidlərimizin ruhuna dualar oxundu, məzarları üzərinə gül dəstələri qoyuldu. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, Azərbaycan əsgərinin göstərdiyi şücaət və qəhrəmanlıqdan danışdı.
Namazov Elməddin Nəsib oğlu 07 may 1996-ci il tarixində Samux rayonu Qovlarsarı kəndində anadan olmuş, Gəncə şəhər 4 saylı internat tipli məktəbdə təhsil almış, 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağrılmışdır. 26 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 27 oktyabr 2020-ci il tarixdə Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Namazov Elməddin Nəsib oğlu hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.