Samux rayonunda “27 sentyabr - Anım Günü” ilə bağlı tədbir keçirildi.
Samux rayonunda “27 sentyabr - Anım Günü” ilə bağlı tədbir keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 27 sentyabr 2022-ci il tarixdə Samux rayonunun “Samux Şəhidləri” kompleksinin önündə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Milli Məclisin deputatı Nizami Səfərov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 27 sentyabr 2020-ci il tarixdən təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əks hücum əməliyyatları ilə Vətən Müharibəsinin başlanıldığını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq səlnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığını bildirdi.
Milli Məclisin deputatı Nizami Səfərov çıxış edərək qeyd etdi ki, Vətən Müharibəsi dövründə qazanılmış Qələbə sayəsində Azərbaycanın mədəni irsinin qorunduğunu, dədə-babalarımızdan miras qalmış tarixi torpaqlarımızın geri qaytarıldığını, son 30 ildə qaçqın və məcburi köçkün olmuş soydaşlarımızın hüquq və haqlarının bərpa edildiyini, bu müharibədə bir çox həmvətənlərimizin şəhid olduğunu, yaralanaraq sağlamlıqlarını itirdiyini, Parlaq Qələbəmizin əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına ərsəyə gəldiyini unutmamalıyıq.
Milli Qəhrəmanımız Elton İsgəndərovun atası Xaləddin İsgəndərov isə çıxışında işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin aparıldığını, yeni infrastruktur qurulduğunu, bəzi yaşayış məntəqələrində insanların məskunlaşdığını tədbir iştirakçılarının nəzərinə çatdıraraq, bu tarixi missiyanın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun misilsiz əməyi nəticəsində mümkün olduğunu xüsusi olaraq vurğuladı.
Tədbirin sonunda, saat 12:00-da rayon ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.