Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 2022-ci ilin yanvar-iyun ayları üzrə iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

01 avqust 2022 | 10:10

2022-ci ilin yanvar-iyun aylarının makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının  dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.

           Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 61532,6 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,7 faiz çoxdur.

             2022-ci ilin məhsulu üçün rayon üzrə 11420,7 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 613,8 hektar və ya 5,7 faiz çoxdur. 2022-ci ilin məhsulu üçün 4786,5 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən  217,4  hektar və ya 4,3 faiz azdır.

          Yazlıq  səpinin   517,5  hektarı və ya 10,8  faizi çoxillik otlar, 424,0 hektarı və ya 8,8 faizi yazlıq arpa, 671 hektarı və ya  14,0  faizi tərəvəz, 2202,5 hektarı və ya 46,0  faizi günəbaxan, 353,5 hektarı və ya 7,4 faizi dən üçün qarğıdalı, 237,5 hektarı və ya 5,0 faizi soya, 23,5 hektarı və ya 0,5 faizi paxlalılar, 156,0 hektarı və ya 3,3 faizi kartof, 186,0 hektarı və ya  3,9 faizi bostan, 15,0 hektarı və ya 0,3 faizi yazlıq  buğda,  olmuşdur. 

            Hesabat dövründə 8618,0 hektar taxıl sahəsində biçin aparılmışdır. Həmin sahələrdən 35413,0 ton məhsul yığılmışdır. Məhsuldarlıq hər hektardan orta hesabla 41,0 sentner  olmuşdur.

           Təsərrüfatlarda  8758,9 ton tərəvəz və 2084,9 ton meyvə və giləmeyvə istehsal olunmuşdur.     

           Cari ildə bundan başqa 1553,5 ton kartof,  46857,7 ton ot, 15546,6 ton küləş istehsal olunmuşdur.

           2022-ci ilin hesabat dövrünün sonuna 23940 baş iri buynuzlu mal-qara, 132733 baş qoyun və keçilər mövcud olmuşdur.

           Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 187 baş və ya 0,8 faiz, qoyun və keçilərin  sayı  isə 8073 baş və ya 5,7 faiz azalmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 faiz artaraq  2759,0 ton, süd istehsalı 0,6 faiz artaraq 15490,0 ton, yumurta istehsalı 0,8 faiz artaraq 5126,0 min ədəd , yun istehsalı isə 4,8 faiz azalaraq, 220,0 ton  olmuşdur.

2022-ci ilin yanvar-iyun aylarında sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 9385,4 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz azdır.

Hesabat dövründə  emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 3262,5 min manatlıq mal və məhsul istehsal etmişdirlər ki, bu da əvvəlki ilin müvafiq dövrünə  nisbətən 93,4 faiz azdır. Rayon üzrə istehsal olunmuş 9385,4 min manat mal və xidmətlərin 6122,9 min manatı dövlət, 3262,5  min manatı isə qeyri-dövlət sektorunun, ondan 289,5 min manatı fərdi sahibkarların, 2957,8 min manatı isə ev təsərrüfatlarının  payına düşür. Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun  qalığı olmamışdır.

Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 1825,6 min manatlıq                   təmir-tikinti işləri aparılmışdır. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 39,5 faiz çoxdur. Təmir-tikinti işlərinin 1245,1 min manatı və ya 68,2 faizi dövlət mülkiyyətli müəssisələr, 580,5 min manatı və ya 31,8 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən icra edilmişdir. Təmir-tikinti işlərinin 39,1 min manatı əsaslı təmirin, 1786,5 min manatı isə  cari təmirin  payına düşür.  

Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 5658,2 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə  nisbətən 5,2 faiz çoxdur.

Sənayeyə 243,6 min manat, sosial sahəyə 5180,1 min manat, tikinti işlərinə isə 234,5 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 243,6 min manatı istehsal təyinatlı, 5414,6 min manatı isə  qeyri-istehsal təyinatlıdır. 234,5 min manat əsas fondlar istifadəyə verilmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 1825,6 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 39,5 faiz çoxdur. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 234,5 min manat və sahəsi 649,0  kvadrat metr olan  7  yaşayış evi tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayədə büdcə vəsaitləri 5423,7 min manat və ya 95,9 faiz, qeyri-büdcə vəsaitləri 234,5 min manat və ya 4,1 faiz təşkil etmişdir. Qeyri-büdcə vəsaitlərinin hamısı əhalinin şəxsi vəsaitləri hesabına olmuşdur.  

          “Azərbaycan Respublikası regionları nın 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Samux rayonunda 2022-ci ilin yanvar-iyun  aylarında  bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir:

       2022-ci ilin I yarımili ərzində rayon daxilində olan bütün avtomobil yollarının çiyin hissələri avtoqreyderlə plana salınmış, torpaq yataqları və su ötürücü boruların giriş-çıxışları kol-koslardan təmizlənmişdir.

       Gəncə-Samux, Samux-İnstitut-Sarıqaya-Qaraağaclı, Samux-Yenikənd-Poylu avtomobil yollarının çiyin hissələrində o çümlədən Burunqovaq avtomobil yolunda qum-çınqıl qarışığı materialı ilə təmir işləri həyata keçirilmişdir. Ümumilikdə 4450 m² sahədə 552 ton miqdarında asfalt-beton işləri görülmüşdür.

Yağış-sel suları nəticəsində Burunqovaq və digər avtomobil yollarında baş vermiş təbii fəlakətlərin fəsadları qısa müddətdə aradan qaldırılaraq, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətləri təmin edilmişdir.

         Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində Samux Rayon Qaz İstismarı İdarəsi tərəfindən müəyyən işlər  görülməkdədir.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi yanacaqdan istifadə olunur.

        Hesabat dövrü ərzində rayon abonentlərinin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə xidmət sahəsində Qarayeri qəsəbəsində diametri 108 mm-lik 116 metr, diametri 89 mm-lik 498 metr və Bağbanlar kəndində diametri 57 mm-lik 320 metr yeni qaz xətti çəkilmişdir.

        Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün müvafiq sərəncama uyğun olaraq, 10000 m3-lik su anbarı inşa edilmişdir.

        Hesabat dövrü ərzində rayonun İnstitut qəsəbəsində yerləşən sakinləri məişət suyu ilə təmin edən subartezian qurğuları əsaslı və cari təmir olunaraq tam işlək vəziyyətə gətirilmişdir. Rayon üzrə abonentlərin sayı ümumilikdə 2352-yə çatmışdır.

        Samux şəhəri küçə və məhəllədaxili su xətləri qum və lildən təmizlənmiş, mövcud yeraltı siyirtmələr test olunaraq təmir işləri aparılmışdır. Bu günə kimi 55391 metr yeni su xətti çəkilmişdir.

        İdarənin balansında 17 ədəd subartezian quyusu vardır ki, onlardan 13 ədədi işlək vəziyyətdədir.  Digər 4 ədəd subartezian quyusu ilə bağlı aidiyyəti üzrə müraciət edilmişdir.

        Rayon üzrə 1682 ədəd su sayğacı quraşdırılmış və sayğaclaşma işləri tam başa çatdırılmışdır. Eyni zamanda Samux şəhərində yerləşən 36 mənzillik çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin edən su nasosu yenilənmiş, şəhərdaxili mərkəzi su şəbəkəsinə qoşulması təmin olunmuş, küçə xətlərində baş verən bütün yeraltı sızmaların və digər neqativ halların qarşısı alınmışdır.

        Rayon əhalisinə göstərilən rabitə  və poçt  xidmətinin yaxşılaşdırılması  istiqamətində də müvafiq işlər aparılır.

        Samux Telekommunikasiya Qovşağında 9088 nömrə tutumlu, 19 avtomat telefon stansiyası (ATS) fəaliyyət göstərir ki, bu da rayonun bütün yaşayış məntəqələrinə telekommunikasiya xidmətlərinin göstərilməsini tam təmin edir.

        2022-ci ilin hesabat dövrünün sonuna əsas telefon aparatlarının say 8915 ədəd təşkil etmişdir. Telefonların sayı əhali  üzrə  8505 ədəd, müəssisələr üzrə isə 410 ədəd olmuşdur. Rayon üzrə hər 100 ailəyə düşən telefonların sayı 69 ədəd, hər 100 nəfərə düşən telefonların sayı isə 15 ədəd təşkil etmişdir.

        Hesabat dövrü ərzində aztelekom.net portalının montaj tutumu 7172 port təşkil etmişdir. Rayonda internet istifadəçilərinin sayı 6799 abunəçi təşkil edir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 349 abunəçinin artmasını göstərir.

        Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri də əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur.

        Samux Suvarma Sistemləri İdarəsi  rayonun 28266 hektar suvarılan torpaqlarına xidmət edir.

        İdarənin balansında 574 ədəd subartezian quyusu və 26 ədəd nasos stansiyaları, 30 ədəd maşın, mexanizm vardır.

        Hesabat dövrü ərzində 107,7 milyon m3 su istehsal edilmiş və əkin sahələri suvarılmışdır. Torpaqların suvarılması üçün kanallarda rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən təsərrüfatlararası və təsərrüfatlardaxili kanallarda 246 min m3, yəni 184 km lildən təmizlənmə işləri aparılmış, kanallar və çaylarda 56 min m3 sahilbərkitmə və selə qarşı torpaq işləri həyata keçirilmişdir.

        Bundan əlavə kanallarda 22 ədəd HTQ, 10 ədəd hidropost və 320 metr boru kəməri təmir edilmişdir.

        2022-ci ilin I yarımili ərzində müvafiq olaraq 263 ədəd nasos, 15 ədəd elektrik avadanlığı təmir edilmiş, rayon ərazisində olan əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və maneəsiz suvarma suyunun axıdılması üçün təsərrüfatlararası və təsərrüfatlardaxili kanallarda 346 km lildən təmizlənmə işləri görülmüşdür.

        Hesabat dövrü ərzində selin qarşısının alınması üçün Gəncə çayında, Qabırrı çayında, Qoşqar çayında torpaq işləri görülmüşdür. Əsaslı təmir işləri üzrə Dinaraj kanalının beton üzlüyə alınması işləri həyata keçirilmişdir.

        Rayon ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrindən 35-nə fərdi ev tikilmiş, 6 fərdi evin tikintisi  davam etdirilir. Seyidlər kəndi ərazisində inşa edilmiş 200 ailəlik şəhərcikdə mənzillər istismara verilmişdir. Hesabat dövründə ümumilikdə  rayon üzrə 48 ədəd mənzil  şəhid ailələri, müharibə əlilləri və Çernobıl əlillərinə verilmişdir.

        Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir.

        Hesabat dövrü ərzində görülmüş işlərin ən əsası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr  tarixli 431 nömrəli Fərmanin 9-cu bəndinin icrasına əsasən əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin və regionlarda iş yerlərinin artirilması məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, haqqı ödənilən ictimai işlərin, abadlıq, təmizlik və digər işlərin təşkili ilə əlaqədar  2022-ci ilin I yarımili ərzində 37 yeni iş yeri yaradılmışdır. Mərkəz tərəfindən 109 nəfər işsiz vətəndaş işlə təmin olunmuşdur. Onlardan 2 nəfəri şəhid ailəsi üzvü, 5 nəfər müharibə iştirakçısı,  digərləri isə ümumi işsiz şəxslərdir.

        Yaradılmış yeni iş yerlərindən 20-i Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 39 layihə üzrə verdiyi 922 min manat güzəştli kreditin hesabınadır.

        Hesabat dövrü ərzində əsas tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında”  07 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar, özünüməşğulluq Proqramına mərkəzdə qeydiyyatda olan iş axtaranlardan 109 nəfər aztəminatlı ailənin biznes ideyası və bacarığı olanları seçilib təlimlərə cəlb edilmişlər.

 

        2022-ci ilin I yarımilində rayon ərazisində səhiyyə sisteminin yaxşılaşdırlması istiqamətində rayon mərkəzi xəstəxanası üçün inşa edilən yeni xəstəxana kompleksinin tikintisi davam etdirilmişdir. 

      Hesabat dövrü ərzində İnstitut qəsəbəsində 960, Çobanabdallı kəndində isə 624 şagird yerlik tam orta məktəblərinin, Qədili kəndində isə 80 şagird yerlik modul tipli orta məktəbin yeni binalarında tikinti işləri sona çatıdırılaraq istifadəyə verilmişdir.

      Sərkar kəndinin inzibati ərazisində 300 şagird yerlik uşaq musiqi məktəbinin və tibb məntəqəsinin tikintisi yekunlaşmışdır və  yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

        Rayon ərazisində əhalinin asudə vaxtını səmərəli keçirtməsi üçün idman-sağlamlıq qurğularının quraşdırılması üçün müəyyən yerlər ayrılmışdır.

          2022-ci ilin yanvar-iyun aylarında nəqliyyat və anbar təsərrüfatında mal və xidmətlərin həcmi 22,9 faiz artaraq, 1544,0  min manata çatmışdır.

          Sərnişin daşınması 19,1 faiz artaraq, 3401,0 min sərnişin, sərnişin dövriyyəsi isə 31969,4 min sərnişin km olmuşdur. Hesabat dövründə 169,0 min ton yük daşınmışdır ki, bu isə əvvəlki ilə nisbətən 9,0 faiz çoxdur.

            Hal-hazırda rayonda 1 rabitə müəssisəsi-Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 520,7 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz çox olmuşdur. Hesabat dövründə telefon çəkilişi olmamış və telefon aparatlarının sayı isə 8915 ədəd olmuşdur.                                                                                                                                                                                                                         

           2022-ci ilin yanvar-iyun aylarında rayon üzrə pərakəndə ticarət dövriyyəsi 59994,2 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 8,6 faiz azdır.

       Adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 1009,1 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq pərakəndə ticarət  dövriyyəsinin 40,3 faizini təşkil edir.

            Pərakəndə ticarət dövriyyəsinin 48056,4 min manatı və ya 80,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 11937,8 min manatı və ya 19,9 faizi isə qeyri-ərzaq məhsullarının payına düşür.

        Topdansatış ticarət dövriyyəsi 902,3 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 375,6 min manat və ya 71,3 faiz çox olmuşdur.

        2022-ci ilin yanvar-iyun aylarında əhaliyə 14891,0 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,3 faiz çoxdur. Əhaliyə göstərilən ödənişli xidmətin 1241,6 min manatını və ya 8,3 faizini məişət xidməti təşkil edir.

         Fiziki şəxslər tərəfindən əhaliyə 8386,6 min manatlıq və ya ümumi həcmin 56,3 faizi qədər ödənişli xidmətlər göstərilmişdir.

          Hesabat dövründə əhaliyə cəmi 1642,3 min manatlıq iaşə xidməti göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 706,0 min manat və ya müqayisəli qiymətlərlə  52,0 faiz çoxdur. İaşə xidmətinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. Rayonda iaşə xidməti ilə 86 fiziki şəxs məşğul olmuşdur.

         2022-ci ilin hesabat dövrünün sonuna siyahı tərkibində olan işçilərin sayı                   5545 nəfər və hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının məbləği isə                526,2 manat olmuşdur.

 

 

Samux Rayon Statistika İdarəsinin

rəis müavini Allahverdi Məmmədov                              

Keçidlər