Samux rayonu İstixana kəndində səyyar qəbul keçirilib
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, yerli hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə növbəti səyyar qəbulunu İstixana kəndində keçirib.
Qəbulda Ziyadlı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Ziyadlı və İstixana kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həll edilməsini müsbət hal kimi dəyərləndiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, uşaq bağçasının açılması və bir neçə fərdi müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.