Samux Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirildi.
Samux rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirildi. Hesabatda Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şuranın mətbuat katibi Rafiq Rzayev, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər. Tədbir iştirakçıları tərəfindən ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu, gül dəstələri qoyuldu.
Yığıncaqda Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uzun illər ərzində aparılmış uğurlu siyasət, gərgin zəhmət, düşünülmüş ordu quruculuğu, ölkəmizin hərtərəfli inkişafı və xalqımızın yüksək vətənpərvərlik ruhu ilə ölkə rəhbərinin ətrafında yumruq kimi birləşməsi nəticəsində işğal altında olan müqəddəs torpaqlarımızı qısa müddətdə azad edilməsi qeyd olunmuş, artıq işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlanıldığı bildirilmişdir.
Çıxış edən Respublika Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolundan danışıb.
Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov ona göstərilən etimada görə minnətdarlığını bildirib. O, Rayon Ağsaqqallar Şurası üzvlərinin dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirakını, rayon məktəblərində şagird və müəllim kollektivləri ilə, “N” saylı hərbi hissələrdə zabit və əsgərlərlə görüşlərini, həmçinin rayon gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə almasında öz xidmətlərini əsirgəmədiklərini, bu işdə Samux rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsi ilə əməkdaşlıq etdiklərini söyləyib.
Samux Rayon Ağsaqqallar Şurasının sədr müavini Nizami Məmmədov və Şuranın üzvü Xətaim Cəfərov çıxış edərək, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon gəncləri ilə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışaraq, ölkənin siyasi həyatında ağsaqqalların da yaxından iştirak etdiklərini qeyd ediblər.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova müstəqil dövlətimizin inkişaf edib möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətlərindən söz açaraq, rayonumuzun daha da inkişaf etdirilməsinə, ölkə başçısının respublikada həyata keçirdiyi abadlıq-quruculuq və yenidənqurma işlərində rayon ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əmin olduğunu vurğuladı.