Məişət zorakılığı ilə mübarizənin hüquqi və psixoloji aspektləri
Məişət zorakılığı ilə mübarizənin hüquqi və psixoloji aspektləri
12.10.2022-ci il tarixində Ombudsmanın Gəncə Regional Mərkəzinin və Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İcra Hakimiyyətinin akt zalında 60 nəfərin iştirakı ilə “Məişət zorakılığı ilə mübarizənin hüquqi və psixoloji aspektləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil, Səhiyyə, Gənclər və İdman idarəsi və Heydər Əliyev Mərkəzinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin məsləhətçisi Ülvi Mirzəyev qonaqları salamlayıb və belə bir mühüm tədbirin təşkili üçün rayon rəhbərliyi adından minnətdarlığını bildirib.
Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti haqqında geniş məruzə ilə çıxış etdi. Məişət zorakılığı və onun növləri, zorakılıq törətmiş şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını iştirakçıların nəzərinə çatdırıb.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini vurğulayaraq, insanları daha da maarifləndirmək məqsədi ilə bukletlərin hazırlanmasını təklif etdi
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Samux rayon təşkilatının sədri Mirzəmməd Orucov çıxışı zamanı ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində görülmüş tədbirlər, qanunvericilikdə nəzərdə tutulmuş cərimələr, erkən və məcburi nikahlar barədə ətraflı məlumat verib.
Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev ailə və cəmiyyətdə qadınların rolundan danışdı və qeyd etdi ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu qanunvericilikdə də öz əksini tapıb. Baş verən məişət zorakılığı hadisələrinə diqqətin artırılması məqsədilə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin bariz nümunəsidir.
Sonda məişət zorakılığı ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.