Şriftin ölçüsü :

Saytın rəngi :

“İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda təlimlərə start verilib.

02 sentyabr 2022 | 10:10

“İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda təlimlərə start verilib

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün təlimlərə başlanılıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Gəncə şəhəri, Heydər Əliyev Mərkəzində təşkil olunan təlimin açılış mərasimində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı, təlimçilər Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev, “Demokratiyanı öyrənmə” İB sədri, hüquqşünas Mirəli Hüseynov, Agentliyin əməkdaşları, Gəncə, Mingəçevir, Göygöl, Kəlbəcər, Samux, Daşkəsən, Goranboy, Naftalan üzrə yerli icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavinləri, müvafiq şöbənin müdirləri, yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuraların rəhbərləri və üzvlərini əhatə edən 96 nəfər iştirak ediblər.

Təlimi açıq elan edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı bildirib ki, Agentlik tərəfindən may-iyun ayları ərzində 9 iqtisadi rayon və Bakı şəhərində keçirilən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının yekun nəticəsi olaraq bu gün bu təlimlərə başlanılıb. Bütün rayonları əhatə edəcək proqramda 859 nəfər iştirakçı təlimlərdən bəhrələnə biləcək. E.Çaparlı qeyd edib ki, ictimai iştirakçılıq çox aktual mövzudur və regionlarda ictimai şuraların aktivləşməsi üçün bu cür təlimlərin keçirilməsi olduqca əhəmiyyətlidir.

Çıxışlardan sonra təlimçilər Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev, “Demokratiyanı öyrənmə” İB-nin sədri, hüquqşünas Mirəli Hüseynov ictimai iştirakçılığın hüquqi əsasları, məqsədləri və formaları; İctimai Şuralar, onların hüquq və vəzifələri, fəaliyyət çərçivəsi, reqlamenti, fəaliyyətinin təşkili, dövlət orqanlarının formalaşması mövzularında təlimlər keçiblər.

Nəzəri biliklərdən sonra təlimlər interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, bu, “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda ilk təlimdir.

Bakı, 2 sentyabr, AZƏRTAC

 

Keçidlər