Antiterror əməliyyatlarında şəhid olmuş leytenant Məmmədov Fizuli Bəhruz oğlunun şəhadətinin ildönümü münasibətilə anım mərasimi keçirilib
Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan leytenant Məmmədov Fizuli Bəhruz oğlunun şəhadətinin ildönümü münasibətilə anım mərasimi keçirilib. Şəhidin anım mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin yaxınları, din xadimləri, qazilər və şəhid ailələri iştirak ediblər.
Tədbir zamanı şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdikləri döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan leytenant Məmmədov Fizuli Bəhruz oğlu 5 aprel 1989-cu il tarixdə Samux rayonunun Qovlarsarı kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə, o cümlədən daha öncə isə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Şəhidin adı Qovlarsarı kəndində mərkəzi küçələrdən birinə verilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.