Antiterror əməliyyatlarında şəhid olmuş Həsənov Həsən Zabit oğlunun şəhadətinin ildönümü münasibətilə anım mərasimi keçirilib
Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan Həsənov Həsən Zabit oğlunun şəhadətinin ildönümü münasibətilə anım mərasimi keçirilib. Şəhidin anım mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin yaxınları, din xadimləri, qazilər və şəhid ailələri iştirak ediblər.
Tədbir zamanı şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdikləri döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan Həsənov Həsən Zabit oğlu 08.03.1995-ci il tarixində Samux rayonu Bağbanlar kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Həsənov Həsən Zabit oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 21 sentyabr 2023-cü il tarixində Gəncə şəhəri İmamzadə Kompleksində dəfn edilib. Şəhidin adı Bağbanlar kəndində mərkəzi küçələrdən birinə verilib. Subay idi.