Samuxda avtomobil yollarının əsaslı təmirinə başlanılıb
Samuxun Kürqırağı və Gürcüstanla həmsərhəd olan kəndlərini rayon mərkəzi, eləcə də Gəncə şəhəri ilə birləşdirən Samux-Yenikənd avtomobil yolunun əsaslı təmirinə başlanılıb. İşlər mövcud yolda avtomobillərin hərəkəti dayandırılmadan aparılır. “Azəravtoyol” ASC-i tərəfindən yolun 21 km-lik hissəsi asfaltlanıb. Sıradan çıxan 7 km hissədə yol örtüyü qaşınaraq yenidən çəkilir. 8 kəndi Kürqırağı ərazilərlə birləşdirən Yenikənddən Poyluyadək olan yola isə çınqıl tökülür. Ölkə prezidentinin sərəncamına uyğun olaraq Samux rayonunun 10 yaşayış məntəqəsini əhatə edən Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi də davam etdirilir.
Zakir Quliyev- “Azəravtoyol” ASC-nin 30 saylı Yol İstismar İdarəsinin rəisi: “Yol örtüyü təzələnir, digər hissələrdə də davam etdirilir. Eyni zamanda mövcud yolun çiyin hissələrində də 500 ədədə yaxın siqnal dirəkləri quraşdırılıb, rənglənib, ağardılıb. Yaxın vaxtlarda yolun bərpası tam başa çatdırılaraq istifadəyə veriləcək. Quşqara çayı üzərində körpüdə də asfalt-beton örtüyü salınıb, körpünün məhəccərləri yenilənib və yol nişanları quraşdırılacaqdır”.
Xaliq Qurbanlı